Milli Şuranın üzv təşkilatlarının nümayəndələri Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

17:02 - 23 Noyabr 2016 - Xəbər

Milli Şuranın üzv təşkilatı olan “DAN” Beynəlmiləlçi Gənclər İctimai Birliyi və İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin nümayəndələri Türkiyənin Çanaqqala şəhərində məhdud imkanlara malik gənclərin cəmiyyətə inteqrasiyası mövzusunda keçirilən “Access” adlı beynəlxalq layihədə iştirak ediblər. Azərbaycan, Gürcüstan, Sloveniya, Portuqaliya və Türkiyə gənclərinin iştirak etdiyi layihə hər ölkədən 6 nümayəndə olmaqla 30 gəncin iştirakı ilə baş tutub. 

Tədbirin keçirilməsində məqsəd məhdud imkanlara malik gənclərin sosial həyata inteqrasiyası, onlara fəal vətəndaşlıq ruhunun aşılanması, şəxsi və peşəkar keyfiyyət və bacarıqlarının inkişa etdirilməsi ilə onların işqabiliyyətinin artırılmasıdır. 
Təqdimatların, müzakirələrin və debatların keçirildiyi tədbirdə, həmçinin iştirakçı ölkələrin bu sahədə olan təcrübələri paylaşılıb və qeyd olunan mövzu çərçivəsində gələcək fəaliyyətlərlə bağlı söhbətlər aparılıb.
Qeyd edək ki, son zamanlar respublikamızda məhdud imkanlara malik gənclərin problemlərinin həlli və onların cəmiyyətə fəal inteqrasiyasına nail olmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilib və bu sahədə olan irəliləyişlər təqdirəlayiqdir. Bu baxımdan Azərbaycan gənclərinin belə beynəlxalq layihələrdə iştirak edərək, həm özinkişafa təkan vermələri, həm də ölkəni beynəlxalq müstəvidə təmsil edərək ölkə təcrübələrinin təbliğ edilməsi aktuallıq və əhəmiyyət kəsb edir.

Xəbər xətti