Estoniya və Azərbaycan gömrük xidmətləri arasında əməkdaşlıq müzakirə olunub

13:06 - 22 Noyabr 2016 - Xəbər

Noyabrın 22-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Estoniya Vergi və Gömrük İdarəsinin baş direktoru Marek Helm arasında görüş keçirilib.DGK Mətbuat Xidmətindən verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanla Estoniya arasında mövcud iqtisadi, siyasi, mədəni əlaqələrdən söhbət açıb, əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib. 
  Müstəqil Azərbaycanın gömrük xidmətinin keçdiyi inkişaf yoluna qısaca nəzər salan Komitə sədrinin birinci müavini istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb, son vaxtlar gömrük sahəsində həyata keçirilən islahatlar, o cümlədən, elektron gömrük bəyannaməsinin  tətbiqi və “Yaşıl dəhliz” buraxılış sisteminin yaradılması barədə ətraflı məlumat verib. 
 Səfər Mehdiyev Azərbaycan Gömrük Xidmətinin innovasiya layihələrinin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsində yeni metod və texnologiyalardan istifadə edilməsi, xüsusən elektron gömrük xidmətləri üzrə həyata keçirilən layihələri ilə nəinki region, həm də Avropa miqyasında qabaqcıl təcrübəyə malik olduğunu vurğulayıb. 
  Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkür edən Estoniya Vergi və Gömrük İdarəsinin baş direktoru Marek Helm Azərbaycana səfərindən razılığını bildirib, Estoniya hökumətinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyib.
 İki ölkə arasındakı münasibətlərin hazırkı durumundan məmnunluqla bəhs edən qonaq bütün sahələrdə, o cümlədən, gömrük işində əməkdaşlığın genişləndirilməsinin vacibliyini nəzərə çatdırıb, qısa zaman kəsiyində Azərbaycan gömrüyünün inkişafını, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının tətbiqində qazandığı uğurları yüksək dəyərləndirib. 
  Marek Helm Estoniya ilə Azərbaycanın gömrük orqanları arasında əlaqələrin dinamik inkişafı istiqamətində mövcud potensialdan maksimum yararlanmağın vacibliyinə toxunub, öz növbəsində, qarşılıqlı təcrübə mübadiləsinin əməkdaşlıq əlaqələrinə yeni təkan verəcəyinə əminliyini ifadə edib. 
  Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. 

 

Xəbər xətti