SOCAR-da növbəti qanvermə aksiyasına start verilib

17:01 - 15 Noyabr 2016 - Cəmiyyət

 Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində qanvermə aksiyasına start verilib. 2016-cı il üzrə hazırlanmış qrafikə uyğun olaraq, SOCAR-ın bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə əməkdaşların kampaniyada könüllü iştirakı nəzərdə tutulur. Baş ofisin, Sərmayələr, Ekologiya və Əmək şəraiti normalarının işlənməsi idarələrinin 100-ə yaxın əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlara qan vermək üçün “Donor günü”ndə iştirak edib.
SOCAR-ın tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə bildirib ki, bu gün baş ofisdə başlayan bu aksiya 2017-ci ilin may ayına kimi SOCAR-ın bütün struktur vahidlərini əhatə edəcək: “SOCAR-ın idarə və müəssisələri Heydər Əliyev Fondunun sədri, Milli Məclisin üzvü, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın “Talasemiyyasız həyat naminə” layihəsi çərçivəsində talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə qoşulub. Şirkət bu layihənin həyata keçirilməsinin təşkilatçılarından olan Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə talassemiyalı uşaqlara yardım etmək üçün “Donor günü”nün keçirilməsi ilə bağlı səmərəli əməkdaşlıq əlaqələri qurub”.

Onun sözlərinə görə, indiyədək SOCAR-ın strukturunda çalışan 30 minə yaxın əməkdaş qan verib.
Qeyd edək ki, 2009-cu ildən etibarən SOCAR qanvermə aksiyasında iştirak edir. 


Xəbər xətti