Səhiyyə Nazirliyi 8 dərman istehsalı ilə məşğul olan şirkətinin GMP tələblərinə uyğunluğunun təftişini aparıb.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikaya idxal olunan dərman vasitələrinin daim yüksək keyfiyyətə, təhlükəsizliyə və effektivliyə malik olmasını təmin etmək üçün bəzi hallarda istehsalçı şirkətlərin təftişinə ehtiyac yaranır.
Məhz GMP yoxlamalar istehsalçının istehsalat prosesini hansı səviyyədə təşkil və tətbiq etdiyi, eləcə də ümumilikdə istehsalçının potensialını aşkar etməyə imkan verir.
Bütün bunları nəzərə alaraq respublikamızda əczaçılıq sektorunda tənzimləyici qurumu olan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində cari ildən başlayaraq illik GMP təftişi həyata keçirilməyə başlanılıb.
Belə ki, son dörd ay ərzində müxtəlif ölkələrin 8 dərman istehsalı ilə məşğul olan şirkətinin GMP tələblərinə uyğun təftişi aparılmışdır.
Dərman vasitələrinin istehsal prosesinin yüksək səviyyədə təşkili hazırki dövrdə Etibarlı İstehsalat Praktikasının ( Good Manufacturing Practice - GMP) tələbləri əsasında aparılır. Sözügedən tələblər dərman vasitələrinin istehsalının bütün mərhələlərini tənzimləyir. GMP keyfiyyətə təminatın əsas təkib hissəsi olub məhsulun daim müvafiq keyfiyyət standartlarına uyğun istesal olunduğuna və yoxlanıldığına, öz təyinatına, qeydiyyat sənədlərinə və bu məhsula dair spesifikasiyaya, eləcə də marketinq və lisenziyalaşdırma orqanlarının tələblərinə uyğun olduğuna zəmanət verən sistemdir.