“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında və vaqonlarda qanunsuz reklam və elanların yapışdırılmasına qarşı reydlərə başlayıb.
Trend xəbər verir ki, bu sözləri qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı metro qatarında qanunsuz reklam aşkarlanıb: “2014-cü ildə “Bakı Metropoliteni” QSC yarandıqdan sonra metroda bütün növ reklam vasitələri yığışdırıldı.
Əsas məqsəd metro stansiyalarında, qatarlarda pərakəndəliyi aradan qaldırmaq, qanunsuz, insanların zövqünə, təhlükəsizliyinə maneə yaradan reklam vasitələrini yığışdırmaq idi.
Eyni zamanda, metro stansiyalarında və qatarlarda təmir-bərpa, yenidənqurma işləri həyata keçirilirdi. Artıq ötən ildən metro stansiyalarında qanunvericiliyin tələbləri qorunmaqla müasir standartlara cavab verən reklam vasitələrindən istifadə olunur.
Görülmüş tədbirlər nəticəsində artıq mertopoliten ərazisində razılaşdırılmamış reklam vasitələrinin yerləşdirilməməsi təmin edilib”.
N.Paşayev qeyd edib ki, buna baxmayaraq bəzən qanunsuz reklam vasitələrindən istifadəyə cəhd edən şirkətlər də aşkarlanır: “3 oktyabr 2016-cı il tarixində metro qatarında “İxlas” su şirkətinə məxsus reklam vasitələrinin yapışdırılmasına rast gəlinib.
Həmin reklam vasitələri vaqon qapısının üst hissəsində yerləşdirilmiş metropoliten xətlərinin sxeminin üzərinə yapışdırılıb. Bu yolverilməzdir və dövlət əmlakına zərər vurulmasıdır”.
Artıq “Bakı Metropoliteni” QSC məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Fakt hazırda Bakı Metropolitenində Polis şöbəsi tərəfindən araşdırılır.