"Ölkəmizdə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması, həmin ailələrə bu yardımların təyin olunması və ödənişi prosesi davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanının əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış və cari il fevral ayının 15-dən tətbiqinə başlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımından heç bir məmur müdaxiləsi mümkün olmadan, tam şəffaf şəraitdə faydalanırlar". "Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
E.Babayev bununla belə, ayrı-ayrı KİV-lərdə guya ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə məlumatların yer aldığını və həmin məlumatların əsassız, şaiyə xarakterli olduğunu və ictimai rəyi çaşdırmağa yönəldiyini diqqətə çatdırıb: “VEMTAS ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə xidmətlərin müasir və şəffaf, məmur-vətəndaş təmasları olmadan, vətəndaşlar üçün çevik və rahat şəkildə şəkildə həyata keçirilməsini tam təmin edir. Sosial yardımların təyinatı prosesi avtomatlaşdırılmış qaydada, yəni hansısa bir məmurun iradəsindən asılı olmadan həyata keçirilir. Bunun nəticəsidir ki, ünvanlı dövlət sosial yardımının təyinatının avtomatlaşdırılması, həmin sistem vasitəsilə sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təmin edilməsi elə ilk vaxtlardan cəmiyyətdə birmənalı olaraq rəğbətlə qarşılanıb. Əhaliyə xidmətlər sisteminin elektron texnologiyalar üzərində qurulması sahəsində ölkəmizin uğurlu islahat təcrübəsi olan və mükəmməl proqram təminatları əsasında fəaliyyət göstərən bu sistem vasitəsilə ailələri təmsil edən vətəndaşların elektron şəkildə müraciətlərinin qəbulu, avtomatlaşdırılmış şəkildə araşdırılması və qərar verilməsi prosesi hazırda uğurla davam etdirilir”.
E.Babayev bildirib ki, həmin sistem tərəfindən ötən müddətdə yəni bu ilin 15 fevral tarixindən sonra 75 268 nəfər ailə üzvü olan 18 855 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin olunub. Hazırda ölkədə ümumilikdə 573 903 min nəfər ailə üzvünü əhatə edən 131 726 min nəfər ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
Şöbə müdiri qeyd edib ki, Prezidentin 2015-ci ilin mart ayının 16-da imzaladığı sərəncamına əsasən, ünvanlı dövlət sosial yardımlarının təyinat müddətinin bir ildən iki ilədək uzadılıb: “Hazırda ünvanlı sosial yardım alan ailələr də həmin Sərəncamın imzalandığı vaxtdan sonra iki illik müddətə yardım təyin olunanlardır və ona görə də onlardan heç birinə bu il ərzində ünvanlı dövlət sosial yardımının verilməsi dayandırılmayacaq”.
Ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrin yoxsulluğun çətinliklərindən qorunmasına yönəldiyini qeyd edən E.Babayev bildirib ki, bununla belə həmin proqram aztəminatlı ailələrin yoxsulluqdan çıxmasını şərtləndirmir. Ona görə də belə ailələr sırasından müvafiq potensialları olan ailələrin özünüməşğulluğuna, beləliklə yoxsulluq vəziyyətindən çıxmalarına şərait yaradılması hazırda əsas fəaliyyət istiqamətlərindən biridir. Hazırda nazirlik tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına yönəlik işlər aparılır: “Sərəncamla qeyd olunan məqsəd üçün ayrılmış 6 milyon manat vəsait hesabına ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluğu təmin ediləcək. Əmək qabiliyyətli ailə üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatları yaradılması ilə bağlı zəruri tədbirlər görüləcək. Bu istiqamətdə işlərin dolğun və məqsədyönlü şəkildə tənzimlənməsi üçün “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Tələbləri” hazırlanaraq nazirliyin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib. Özünüməşğulluq layihələrinə cəlb olunacaq vətəndaşlara biznesin təşkili ilə bağlı təlimlər də keçiriləcək, onlara biznes fəaliyyətinin inkişafı ilə bağlı məsləhətlər veriləcək”.
Artıq yaxın vaxtlarda aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması istiqamətində praktik işlərə başlanacağını qeyd edən E.Babayev bununla da aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarına keçiləcəyini bildirib: “Özünüməşğullluq proqramına bunun üçün müvafiq potensialları, əmək qabiliyyətli üzvləri olan aztəminatlı ailələrin cəlb edilməsi nəzərdə tutulur və bu proqramın icrası ünvanlı dövlət sosial yardımı proqramının dayandırılmasını şərtləndirmir. Ona görə də özünüməşğullluq proqramı ilə paralel olaraq, özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan, məşğulluq tədbirlərinə cəlb olunmaq üçün potensialları olmayan ailələrin dövlətin sosial yardımları ilə təmin edilməsi prosesi də davam etdiriləcək”.