Azərbaycan dövlətçiliyinin tarixi çox qədim zamanlardan başlanır

19:23 - 4 İyul 2016 - KİVDF

Dövlətçilik tarixi-ictimai mədəniyyətin ən yüksək formasıdır

Azərbaycan  dövlətçiliyinin tarixi çox qədim zamanlardan başlanır. Dövlətçilik ənənəsi qədim olduğundan xalq yaradıcılığında, xalq düşüncə və davranışında, ictimai-siyasi əxlaqda sabit mənəvi dəyərlər yaranıb, müxtəlif folklor janrlarında ifadə olunub. Folklor bir tərəfdən dövlətçiliyin mənəvi əsaslarını möhkəmləndirməyə xidmət edib, onu müxtəlif obraz, süjet və motivlərdə xalq yaddaşına köçürüb, digər tərəfdən onun fəlsəfəsini və estetikasını hazırlayıb. Dövlət gerçək olmazdan öncə o, xalqın arzu və istəklərində, düşüncə və xəyallarında yaranır və uyğun tarixi şəraitdə geçəkləşir. İcma, ailə və tayfa mədəniyyətinin və bu mədəniyyəti xalq hafizəsində yaşadan folklorun dövlətçilikdə xüsusi rolu olur. Bu barədə filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil bildirib. Onun sözlərinə görə, etnik-milli özünütəşkilin ən nikbin yolu folklorda mövcud olan mənəvi dəyərlərdən keçir. Başqa sözlə, folklorunda dövlətçilik ideyası olan xalqın dövlət qurması da asanlıqla baş verir. "Çünki folklor dövlətçiliyin mənəvi əsasıdır. Folklor irsini yaddaşında və davranışında yaşadan xalq dövlətçilik təcrübəsində sosial harmoniyanı təmin etmək üçün çətinlik çəkmir. Onu da qeyd edək ki, folklor ayrı-ayrı janrlarda gerçəkləşən mətnlər olmaqla yanaşı xalq düşüncəsinin və həyatının bütün sahələrini əhatə edən sabit mənəvi dəyərlər sistemidir. Milli folklor milli düşüncənin və davranışın təkcə təzahür forması deyil, həm də onun modelləşdirici sistemi, başqa sözlə, düşüncə və davranış tərzidir".  Ağaverdi Xəlil bildirib ki. dövlətçilik də bu düşüncə və davranış çərçivəsində gerçəkləşir. Onun sözlərinə görə, dövlətçilik tarixi-ictimai mədəniyyətin ən yüksək formasıdır. Bu mədəniyyətə sahib olmayan xalqlar milli varlıqlarını qoruya bilməmişlər. Bu mədəniyyətin və ənənənin qorunmasını isə folklor, yaddaş, xalqın mənəvi bütövlüyünü təşkil edən ehtiyatlar təmin edir. Bu mənada folklor və dövlətçilik bir-birinə sıx surətdə bağlı, üzvi vəhdət təşkil edən məsələlərdir. Əgər məsələyə geniş prizmadan baxılsa dövlətçilik də xalq yaradıcılığının bir forması götürülə bilər. Cəmiyyət dünyəvi qanunlara zaman-zaman uyğunlaşır, amma milli əxlaqa, milli ənənəyə və milli davranışa zidd olmayan qanunlar ictimai münasibətlərdə dərhal öz təsdiqini tapır. Bəzən “yazılmamış qanunlar” ifadəsi işlədilir. Bu əslində etnik ictimai davranış və milli əxlaq normasının müasir qanunlarda öz əksini tapmayan hissəsidir. Bu həm də ənənədə formalaşmış xalq demokratiyasının müasir hüquqdan və qanundan genişliyi və üstünlüyüdür.
Ağaverdi Xəlilin sözlərinə görə, xalqımız milli müstəqil, hüquqi, demokratik dövlət quruculuğu prosesini yaşayır. Dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi üçün milli dövlətçilik ənənəmizin tarixinə və onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təsvirinə və təhlilinə də diqqət artırılmalıdır. Tarixdən türklərin qurduğu böyük Hun imperatorluğu, Xəzər xaqanlığı, Göytürk imperatorluğu, Oğuz-Səlcuq imperatorluğu, Osmanlı imperatorluğu, Qaraxanlı dövləti, Bulqar dövləti, Uyğur dövləti və b. məlumdur. Türk xalqlarından biri kimi, biz bu dövlətlərin, onların yaratdığı zəngin dövlətçilik mədəniyyətinin varisləriyik. Bununla yanaşı Şirvanşahlar dövləti, Ağqoyunlu dövləti, Qaraqoyunlu dövləti, Səfəvi dövləti kimi Azərbaycan dövlətləri mövcud olub. Bunların hər birinin milli dövlətçilik tariximizdə xüsusi xidmətləri olub.
Azərbaycan ərazisində mövcud olmuş Manna dövləti (eramızdan əvvəl IX-VII əsrlər), Atropatena dövləti (eramızdan əvvəl IV əsr-eramızın II əsri) də bu ənənəyə öz töhfələrini verib. Paytaxtı Qəbələ olan Qafqaz Albaniyası dövləti eramızdan əvvəl IV əsrdə yaranıb. Tarixdən məlum olduğu kimi, Azərbaycanın dövlətçilik ənənələri çox zəngindir. Tədqiqatçıların mülahizəsinə görə, “bu ənənələr öz başlanğıcını dili və mədəniyyəti ilə türk xalqlarına yaxın olan şumerlərdən götürür. Məşhur şumerşünas S.N.Kramer “Tarix Şumerdən başlanır” əsərində yazır: “Bəşəriyyətin ən qədim tarixində “parlament demokratiyası” ilə rastlaşırıq. Şumer dövlətini parlament idarə edirdi: 1.Atalar – ağsaqqallar – senat sayılırdı. 2. Şəhər ərləri, orduda qulluq edənlər – parlamentin aşağı palatası hesab olunur”. Mütərəqqi dövlətçilik ənənələri sonrakı dövrlərdə də davam və inkişaf etdirilib.
Cəmiyyət həmişə sosial rifah və ədalətli idarəçilik haqqında düşünüb. Xalqın düşüncə və arzuları ədalətli hökmdar ideyasını doğurub. Hər şeyi rəhbərindən gözləyən xalq bir çox hallarda onu müqəddəsləşdirib və mütləqləşdirib. Bu düşüncələr də folklorda ifadə olunub, xalq içində də, saraylarda da dövlətçiliyin mənəvi məlumat dəstəyi, onu kamilləşdirən əsas faktor kimi çıxış edib. Xalqın sonsuz sevgisi olduğu kimi, nifrəti də kükrəyəndə hüdudsuz olur. Bu özünü hakimiyyətlə xalq, elita ilə kütlə arasındakı sosial məsafənin çoxalıb maksimum səviyyəyə çatdığı məqamlarda daha çox təzahür etdirir. Dövlətçiliyin sarsılması da məhz bu zaman başlanır. İdarəçiliyi mükəmməl olmayan hökmdarlar xalq yaradıcılığında “zalım padşah” kateqoriyasına aid edilir. Məsələn, Sultan Səncər “zülümkar”, Şah Abbas “cənnətməkan” epitetləri ilə yaddaşlarda qalıb. Dövlətçilik mədəniyyətimizi əks etdirən folklor qarışıq yazılı abidələr və ya xalis folklor nümunələri digər istiqamətlərlə yanaşı həm də bu yönümdə məhz dövlətçiliyimizin monolitliyi naminə öyrənilməlidir.
Onun sözlərinə görə, qədim dövlətçilik mədəniyyətimizin əks olunduğu yazılı abidələrdən biri türkologiyada “Orxon-Yenisey yazıları” adı ilə məşhur olan daş kitabələrdir. “552-ci ildə Göytürk imperiyası yaradıldı. Bu imperiya o vaxtadək Orta Asiyada qurulmuş dövlətlərin ən böyüyü idi. Bugünki məlumatlarımıza görə, türk dilinə aid xatirələr də Göytürk imperiyası dövrünə aiddir. Bu xatirələri başlıca olaraq qəbirüstü kitabələr təşkil edir. Bunlar Orxon və Yenisey kitabələri olmaq üzrə iki qismə ayrılır. Orxon kitabələri VIII əsrin yadigarıdır. Yeniseydəkilərin isə daha əvvəl, qüvvətli ehtimala, VII əsrdə yazıldığı təxmin edilir. Oğuz adına da ilk dəfə elə Yenisey kitabələrinin birində rast gəlirik”.
Göytürk dövlətinin taxtında oturan şəxs kağan “xaqan”, onun arvadı katun “xatun” adlanır. Dövlətin idarəsi iki qola bölünür: dövlətin qərb budağını idarə edən adam yabğu (ərəb mənbələrində: cəbğu), şərq budağını idarə edən adam şad adlanır. Xaqanın oğulları (şahzadələr) tigin adlanır, onların arvadlarına isə kunçuy deyirlər. Xaqandan sonra ən böyük rütbə xan sayılır. Görünür, xan müəyyən qəbilə birliklərinin rəhbəridir. Orxon-Yenisey abidələrində xanlar barədə az danışılsa da, bəylər haqqında çoxlu məlumat var. Görünür, bəy əvvəllər hərbi işlərlə əlaqədar əmələ gələn rütbə adı olub, lakin sonralar bəylərə əmlak (adam, torpaq, ilxı, mal-qara və s.) ayrılmış, bəylik imtiyazları vərəsəlik yolu ilə keçib. Abidələrdə bəzən bəylərə xaqan adı verilməsi haqqında fikirlərə də təsadüf edilir: “Bars bəg erti, kağan at bunta biz birtimiz- Bars bəy idi, xaqan adı burada biz verdik”.
Azərbaycan cəmiyyətində bəylik institutu uzun müddət yaşayıb. Cəmiyyətin siyasi, mənəvi, dini rəhbərindən zadəganlıq institutuna qədər dəyişib.

 

Xəbər xətti