Məktəblilər arasında keçirilən informatika yarışı yekunlaşdı - FOTO

14:07 - 9 Fevral 2026 - Cəmiyyət

Məktəblilər arasında keçirilən informatika yarışına yekun vurulub.

Azərbaycan Texniki Universitetində keçirilən mükafatlandırma mərasimində çıxış edən yarışın təşkilatçılarından Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyin XI sinif şagirdi Elnur Mirzəli bildirib ki, yarış iki yaş qrupu üzrə keçirilib:

“Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin alqoritmik düşüncə, kodyazma qabiliyyətlərini artırmaq, iştirakçıların real yarışma problemlərini həll edərək təcrübə qazanması, onların kompüter elmlərinə, innovasiya və texnologiyalara həvəsini gücləndirməkdir. Yarışın əsas təşkilatçısı “IOSTREAM Community” olsa da, bu işdə bizə Azərbaycan Texniki Universitetinin Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və “Eolymp” proqramlaşdırma saytı da yaxından dəstək göstərib. Hazırda ABŞ-da Oklahoma Universitetində Kompüter elmləri  ixtisasında bakalavr təhsili alan Ayxan Kazımlı və ADA Məktəbinin XI sinif şagirdi Leyla Rafullayeva ilə birlikdə bu dəfə də həmyaşıdlarımızın yanında olmaq istədik. İki mərhələdə təşkil olunan yarışda iştirak etmək üçün gözlədiyimizdən daha çox şagird qeydiyyatdan keçdi. Yarışda iştirak üçün Azərbaycanın 20 regionundan 250 müraciət aldıq.  Yarış iki yaş qrupunda təşkil olundu. VIII-IX siniflərdə təhsil alan şagirdlər bir yaş qrupunda, X-XI sinifdə təhsil alan şagirdlər isə digər yaş qrupunda yarışa qatıldılar. Yarışın final mərhələsində hər yaş qrupundan 15 şagird bilik mübarizəsi apardı. Yarışın sonunda bütün finalçılar iştirakçı sertifikatı, hər yaş qrupu üzrə I, II və III yerin qalibləri isə medalla təltif olunacaqlar”. 

Tədbirdə daha sonra çıxış edən ADA Universitetinin müəllimi Fuad Hacıyev,  Azərbaycan Texniki Universitetinin müəllimi Kənan Əsgərli və “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin həmtəsisçisi Xalid Kazımov təşkil olunan yarışın yeniyetmələrin gələcək təhsil həyatları üçün əhəmiyyətli bir mərhələ olduğunu qeyd etdilər. 

Sonda yarışın final mərhələsinin bütün iştirakçıları sertifikat və hədiyyə ilə təltif olundu. Topladıqları ballara uyğun olaraq Həsən Vəliyev və Vaqif Abdullayev I yer, Okan İslam və Əzim Hacıyev II yer, Əli Süleymanzadə və Tuncay Paşayev  III yerin qalibi kimi mükafatlandırıldılar. 

Sonda çıxış edən ADA Məktəbinin XI sinif şagirdi Leyla Rafullayeva bildirib ki, “IOSTREAM Community” kompüter elmlərinə maraq göstərən şagirdlərə dəstək üçün qarşıdakı aylarda da müxtəlif tədbirlər həyata keçirəcək. 


Xəbər xətti