Avstraliyanın ən böyük şəhəri Sidneydə sularda köpəkbalığı hücumlarında artım qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, "The Sydney Morning Herald" qəzetinin Yeni Cənubi Uels Polisinə istinadən verdiyi məlumata görə, okean temperaturunun artması və güclü yağışlar köpəkbalığı fəaliyyətinin artmasına səbəb olub.
Yeni Cənubi Uels Polisinin məlumatına görə, təkcə son iki gündə Sidneydə iki köpəkbalığı hücumu qeydə alınıb.
18 yanvar bazar günü şəhərin şərqində, Vakluz yaxınlığında köpəkbalığı hücumuna məruz qalan 12 yaşlı oğlan xəstəxanaya yerləşdirilib. Bir gün sonra isə Sidneyin şimalındakı Dee Why çimərliyində köpəkbalığı 11 yaşlı uşağı dişləməyə cəhd edib.
The Sydney Morning Herald qeyd edir ki, 2026-cı ilin yanvar ayının ortalarına qədər Sidney ətrafındakı sularda suyun temperaturu 22 dərəcə Selsidən çox olub və bu da köpəkbalıqları üçün ideal şərait yaradıb və onların mövsümi şimala miqrasiyasını ləngidib.
Ştat hökuməti ictimai təhlükəsizliyi təmin etmək üçün regionda xüsusi köpəkbalığı nəzarəti proqramının həyata keçirildiyini açıqlayıb.