Qvatemala Prezidenti Bernardo Arevalo cinayətkarlığın kəskin artması səbəbindən ölkə daxilində 30 günlük fövqəladə vəziyyət elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qvatemala televiziyası məlumat verib.
Dövlət başçısı xalqa müraciətində elan edilən fövqəladə vəziyyətin məqsədinin vətəndaşların qorunması və təhlükəsizliyi olduğunu vurğulayıb. Arevalonun sözlərinə görə, polis və ordunun bütün gücü dəstələrlə mübarizə aparmaq üçün səfərbər olunacaq.
Qvatemala prezidenti qeyd edib ki, ölkə hakimiyyəti cinayətkar təşkilatlara güzəştə getmək niyyətində deyil və asayişi bərpa etmək üçün sərt tədbirlər görməyə davam edəcək.
Dövlət başçısı fövqəladə vəziyyətin vətəndaşların gündəlik həyatına, dövlət və özəl müəssisələrin fəaliyyətinə və ya əhalinin hərəkət azadlığına təsir etməyəcəyinə əminlik verib.