Ağdərənin 4 kəndinə 337 nəfər qayıtdı

16:21 - 9 Yanvar 2026 - ÖLKƏ İÇİ

Yanvarın 9-da Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç prosesi baş tutub. Sakinlərə yeni mənzillərin açarları təqdim olunub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çıldıran kəndinə 48 nəfərdən ibarət 13 ailə, Aşağı Oratağ kəndinə isə 31 ailə (119 nəfər) köçürülüb. Ümumilikdə bu gün 337 nəfərdən ibarət 89 ailə doğma yurduna dönüb.

Açarların təqdimatında çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli sakinləri doğma torpaqlarına qayıdış münasibətilə təbrik edib, kəndlərdə yaradılan müasir yaşayış şəraiti, sosial infrastrukturlar və həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verib, sakinlərə xoşbəxt, təhlükəsiz həyat arzulayıb.

O, bildirib ki, kəndlərdə infrastruktur təminatı yaradılıb, kommunal xidmətlər bərpa olunub, yaşayış üçün zəruri şərait təmin edilib və burda sakinlərin yalnız məskunlaşdırılması deyil, həm də onların məşğulluq məsələlərinin həlli prioritet istiqamətlərdəndir.

T. Kərimlinin sözlərinə görə, köç edən sakinlərin peşə və ixtisaslarına uyğun olaraq həm özəl sektorda, həm də dövlət qurumlarında işlə təminatı istiqamətində sistemli tədbirlər görülür və bu proses mərhələli şəkildə davam etdiriləcək.

Ağdərənin Aşağı Oratağ kəndində isə sakinləri Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb. Açarları sakinlərə təqdim edən S. Qəhrəmanov bildirib ki, bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və tikinti-quruculuq proqramı planlı şəkildə və yüksək keyfiyyət standartlarına uyğun icra olunur.

Onun sözlərinə görə, kənddə yalnız yaşayış evləri deyil, həmçinin sosial infrastruktur, yol-nəqliyyat sistemi, kommunal xidmətlər- enerji, su, qaz, digər mühüm təminat xətləri yenidən qurulub ki, bu layihələrin də məqsədi sakinlərin təhlükəsiz və rahat yaşayışını təmin etməkdir.

Qeyd edək ki, növbəti mərhələlərdə Ağdərə rayonunun digər yaşayış məntəqələrinə də mərhələli şəkildə köçün davam etdirilməsi planlaşdırılır. Hazırda rayonun bir sıra yaşayış məntəqələrində tikinti və bərpa işləri həyata keçirilir.

Xəbər xətti