Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə tədbirləri keçiriləcək

11:00 - 21 Sentyabr 2022 - Leykoz

Tibb elminin əldə etdiyi nailiyyətlər artıq əksər xəstəliklərin qarşısını almağa imkan verir. Lakin elə xəstəliklər var ki, onun qarşısında tibb elmi də acizdir. Bu xəstəliklərdən xilas olmağın yolu isə bu istiqamətdə əhalinin maarifləndirilməsidir. Hər il yüzlərlə  talassemiya daşıyıcısı nikaha daxil olmaq istəyir. Qohumluğundan, milliyyətindən, dinindən asılı olmayaraq eyni xəstəliyin daşyıcılarının dünyaya gətirdiyi uşaqların xəstə olma riski böyükdür.  Bu da yüzlərlə talassemiya daşıyıcısının və ya xəstəsinin doğulması deməkdir.

Ucnoqta.az xəbər verir ki, “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi talassemiyanın qarşısının alınması ilə bağlı dövlətin gördüyü işlərə ictimai dəstək məqsədi ilə “Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə” adlı layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə 3 ay ərzində Lənkəran, İsmayıllı, Salyan və Cəlilabad rayonlarının ərazisində icra ediləcək.

Layihə çərçivəsində müvafiq rayonlarda talassemiya xəstəliyi, səbəbləri, müayinə və müalicəsi, həmçinin qan donorluğu, donorluğun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı 4 maarifləndirmə tədbiri keçiriləcək. Tədbir iştirakçılarına talassemiya və qan donorluğu ilə bağlı təşkilat tərəfindən hazırlanmış buklet çap edilərək paylanılacaq.

Həmçinin, respublikamızda talassemiyanın qarşısının alınması istiqamətində görülən işlər, əldə olunan nəticələr, müalicə imkanları, qan donorluğunun mövcud vəziyyəti, qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı maarifləndirmə xarakterli 8 yazı hazırlanaraq mətbuatda dərc ediləcək.

Xəbər xətti