Ən keyfiyyətli donorluq könüllü və təmənnasız donorluqdur

13:28 - 29 Mart 2022 - Leykoz

Səhiyyə sahəsi Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Fondun təşəbbüsü ilə bu sahədə çox uğurlu işlər görülür. Talassemiya Mərkəzində genetik laboratoriya mərkəzi yaradılıb, talassemiyalı xəstələr bütün lazımi dərman preparatları ilə təmin edilib, eyni zamanda radikal müalicə üçün sümük iliyi transplantasiyası işi təkmilləşdirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzində leykemiya və hemofiliya xəstələri lazımi dərman preparatları ilə təmin olunur. Bundan başqa, pandemiya dövründə ilk növbədə təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan insanların müalicəsinə üstünlük verilir. Talassemiya, hemofiliya, leykoz eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatının təmin edilməsi həmişə diqqət mərkəzində olub və ölkədə qanvermə aksiyalarının sayı artıb, könüllü donorlar fəallıq nümayiş etdirirlər. Onların belə nəcib və humanist aksiyada iştirak etməsi  neçə-neçə həyatı xilas edib.

Qan donorluğu

Son illər Azərbaycanda qan donorluğu ilə bağlı bir çox irəliləyişlər əldə olunub. Belə ki, əgər əvvəllər insanların bir çoxu qan verməkdə tərəddüd edirdilərsə, yalnız öz xəstələrinə köməklik etmək məqsədilə məcburiyyət qarşısında qalaraq qan verirdilərsə,  indi artıq bu qorxu intensiv maarifləndirmə nəticəsində aradan qalxıb.

Hazırda təmənnasız qan verənlərin sayı günbəgün artmaqdadır. Onu da xüsusi qeyd etmək istərdim ki, ən keyfiyyətli donorluq könüllü və təmənnasız donorluqdur.
Donor qanları ilk növbədə irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsi üçün göndərilir.

Könüllü donorlar tərəfindən verilən qanlar ilk növbədə irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımızın qan ehtiyacını qarşılamaq üçün göndərilir. Bunu Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova deyib. O bildirib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də qan ehtiyacı davamlı xarakter daşıyır: "Könüllü donorlar tərəfindən verilmiş qanlar toplandıqdan sonra müvafiq laborator müayinələrdən (qan qruplarının təyini və infeksiyaların təhlili) keçirilir. Hazırda donordan götürdüyümüz qan Hepatit  B və C, HİV və sifilisə qarşı yoxlanılır. Bu infeksiyalara qanla yoluxma ehtimalı daha çox olduğundan, məhz bunlar yoxlanılır. Yoxlanıldıqdan sonra plazma və eritrosit kütlə ayrılır və toplanan qanlar sertifikatlaşdırılır. Hazırda qanın plazma və eritrositlərə ayrılması "manual" şəkildə aparılır. Donorun qanında infeksiya aşkarlandıqda bu barədə ona məlumat verilir. İnfeksiyalı qan xüsusi şəraitdə yandırılır.

Qan komponentlərinin saxlanması çox önəmlidir

Qan komponentləri elə bir şəraitdə saxlanılmalıdır ki, keyfiyyətini itirməsin. Bu məqsədlə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarı ilə 2006-cı ildə təsdiqlənmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi” qaydası qəbul olunub. Qaydada bildirilir ki, qanın, qan komponentlərinin tədarükü zamanı ilk növbədə qan alınan yerin, yəni dirsək büküyünün dəri səthinin hazırlanmasına ciddi fikir verilməlidir. İstifadə olunan antiseptik məhlulun venapunksiyaya qədər dəri səthindən tam buxarlanmasını gözləmək lazımdır. Antiseptik məhlulun növündən asılı olaraq qurumağa sərf olunan vaxt müxtəlif olur, lakin bu müddət ən azı 30 saniyə olmalıdır. İynə hazırlanmış yerə daxil edilənə qədər oraya toxunulmamalıdır.

Qan komponentlərinin saxlanması da çox önəmlidir.  Bildirilir ki, qanun keyfiyyətini qorumaq məqsədilə saxlanma müddəti ərzində düzgün şərait təşkil olunmalıdır. Yalnız qapalı ayırma və saxlanma sistemləri istifadə olunarsa, bakterial çirklənmə riski əhəmiyyətli dərəcədə azalar. Saxlanma, buraxılma və daşınma əməliyyatları təhlükəsizliyinə nəzarət oluna bilən qaydada təşkil edilməlidir.  Saxlanma üçün avadanlıq seçildikdə, aşağıdakılar nəzərə alınmalıdır: dondurucu və soyuducularda ehtiyat yer olmalı və onların həcmi saxlanılan məhsulları asanlıqla yoxlamağa imkan verməlidir; avadanlıq etibarlı olmalı və temperatur soyuducunun içərisində bərabər paylanmalıdır; avadanlıqda temperaturun qeydiyyatı və həyəcan qurğusu olmalıdır; avadanlığı asanlıqla təmizləmək mümkün olmalı və o, güclü təmizləyici vasitələrə davamlı olmalıdır.

Qan qrupları və resuz faktoru

Yuxarıda qeyd edildiyi kimi donorlar tərəfindən verilmiş qanlar toplandıqdan sonra müvafiq laborator müayinələrdən keçir və qan qrupları təyin edilir. Bu çox önəmlidir, çünki qanköçürmə zamanı  qan qruplarının uyğunsuzluğu ölümlə nəticələnə bilər.  Bundan başqa, rezus faktor (müsbət və ya mənfi ola bilər) nəzərə alınmalıdır. İnsanların 15 faizində mənfi rezurs mənsubiyyəti, digərlərində isə müsbət rezurs mənsubiyyəti var. Rezurs-mənfi qan qrupu olan insanlara ancaq rezurs-mənfi qan vurmaq lazımdır. Həmçinin, hər insana özünə mənsub olan qan qrupunun köçürülməsinə çalışmaq lazımdır. Məsələn, I qan qrupunu bütün qan qruplarına vurmaq mümkündür. Amma əslində hər insana özünə uyğun qan qrupu vurulmalıdır. Müsbət rezurslu insanlara mənfi qan qrupu vurmaq olar, amma mənfiyə heç vaxt müsbət vurmaq olmaz. Eləcə də hər hansı xəstəyə qan vurulursa, mütləq həmin müəssisədə onun qan qrupu yoxlanılır. Çünki başqa qan qrupu vurulanda çox böyük fəsadlar baş verir. Ola bilər, xəstəyə hər hansı xəstəxanada qan köçürülüb və daha sonra başqa bir xəstəxanaya gedib. Həmin xəstəxanada da mütləq qan qrupu yoxlanılmalı və uyğun qan qrupu vurulmalıdır. Bildiyimiz kimi şəxsiyyət vəsiqəsində qan qrupları və rezurs mənsubiyyəti göstərilir. Ancaq heç kəs bununla kifayətlənə bilməz. Şəxsin vəsiqəsində qan qrupu qeyd edilsə də, mütləq onu yoxlanılmalıdır. Eyni zamanda, hər bir müəssisədə şəxsiyyət vəsiqəsinə baxılmadan qan qrupu yoxlanılmalıdır.

Qan köçürmə tibb müəssisəsində həyata keçirilir

Təmiz olan qan isə sertifikatlaşdırılaraq saxlanılır və ehtiyac olan xəstəxanalara verilir. Şəxsə qan lazım olduğunu həkim müəyyən edir və qan köçürmə tibb müəssisəsində həyata keçirilir. Ümumiyyətlə, qan köçürülməsi üçün göstəriş olmalıdır. Bütün bunlar sırf həkim və tibb işcilərinin iştirakı ilə olur. Sonra həmin qanlar aşağıda qeyd olunan hallar zamanı insanların müalicəsi üçün istifadə olunur:

- İrsi qan xəstəliklərindən (talassemiya, hemofiliya və s) əziyyət çəkən və immun çatışmazlığı vəziyyəti olan xəstələrə;

- Ağır anemiyası olan uşaqlara;

- Hamiləlik və doğuşla əlaqəli qanaxması olan qadınlara;

- Qan və sümük iliyi xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza;

- Fövqəladə hallarda, fəlakətlərdə və qəzalarda travmatik xəsarət almış insanlara;

- Tibbi və cərrahi prosedurlardan keçən xəstələrə;

Qeyd edək ki, müasir tibdə qan adətən köçürülmür - qanın komponentləri (eritrositlər və ya leykositlər kütləsi, qan plazması) köçürülür.

Qumral Ələkbərova irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara 2-4 həftədən bir davamlı qan transfuziyası olmazsa, onların həyatı üçün risk yarandığını bildirir. O, əhalini qan verərək, həyat xilas etməyə çağırıb: "Qan həyatın əsas mənbəyidir. Qan təminatı ilə bağlı çətinliklərin yaranmaması üçün vətəndaşlarımızı Mərkəzi Qan Bankı və bölmələrinə gələrək, onlara ehtiyacı olanlara yaşamaq üçün bir şans vermələrini, damarlarında axan qanlarını sevgi ilə paylaşaraq həyat xilas etmələrini rica edirik. Bir nəfərin verdiyi qan 3 nəfərin həyatının xilas edə bilir. Könüllü qan donoru görünməyən qəhrəman olmaq deməkdir. Könüllü qan donoru olmaq ən ali insanlıq missiyalarından biridir".

Pünhan Əfəndiyev

Yazı "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.


Xəbər xətti