“Oyuq”çular yenidən səhnədə

14:07 - 6 Dekabr 2021 - Mədəniyyət

 Bildiyiniz kimi, koronovirus pandemiyası ilə əlaqədar olaraq teatr-konsert müəssisələrinin fəaliyyətində müəyyən fasilə yaranmışdı. Bu qadağa təbii ki, teatr-studiyalarından da yan keçməmişdi. Məhdudiyyətlərin qismən aradan götürülməsi mütəmadi sosial-mədəni aksiyaları, repertuar tamaşaları və festivallarda uğurlu iştirakı ilə yadda qalan “Oyuq” teatr-studiyası yetirmələrinin də ürəyindən oldu.

Bu barədə Ucnoqta.az-a Teatrın mətbuat xidmətindən bildirilib. Beləliklə, studiyanın yaradıcı heyəti gərgin məşqlərin ardınca yenidən teatrsevərləri öz ətrafında toplamağa müvəffəq oldu. Belə ki, 4-5 dekabr tarixlərində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının fəalları teatrın 90 illik yubileyi çərçivəsində “Qırmızıpapaq” tamaşası ilə yenidən tamaşaçı qarşısına çıxdılar.

Yeni istedadların da iştirakı ilə müəyyən əlavələrlə ərsəyə gələn səhnə nümunəsinin (müəllif Şarl Perro) səhnələşdirəni Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.
Musiqili uşaq tamaşasında rolları studiyanın yetirmələri Murad Əliyev, İlkin Həsənli, Selcan Xatun, Nazan Qafarova, Zəhra Qafarova, Həcər Abdullayeva, İnci Mustafalı, Hökümə Ağayeva, Aylin Nəcəfli, Nazim Hacıyev və başqaları ifa edirdilər. Birhissəli musiqili uşaq tamaşasında ideyadan irəli gələn əsas məqamları bu dəfə həmyaşıdlarının dilindən eşidən balaca tamaşaçılar onların çıxışlarını alqışlarla qarşıladılar. 

Xəbər xətti