Hərbi Qənimətlər Parkı- qürur yerimiz

10:55 - 16 Aprel 2021 - Cəmiyyət

Bir neçə gün öncə Bakıda açılan nadir park-Hərbi Qənimətlər Parkı şanlı qələbəmizin daha bir göstəricisi oldu. Ümumiyyətlə 44 günlük Vətən savaşı Azərbaycan tarixində yeni səhifə açdı. Azərbaycan xalqı intiqamını düşməndən döyüş meydanında alaraq işğalçılara elə bir dərs verdi ki, erməni ordusu bundan sonra çətin özünə gələ.

Torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası şəhidlərimizin yaxınları üçün böyük təsəlli sayılır. Bu barədə ölkə başçısı da parkın açılışı zamanı çıxış edərkən xüsusi olaraq qeyd etmişdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. “Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq” deyən Ali Baş Komandan xalqımızın döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdiyini bildirdi.

O da danılmaz faktdır ki, qəhrəman və peşəkar Azərbaycan Ordusunun düşmən üzərində mənəvi üstünlüyü var idi.  Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Bir qürurlu və maraqlı fakt  isə ondan ibarət idi ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmadı. Ermənistan isə bir dəfə də olsun uğurlu əməliyyat apara bilməsi. Ermənistan ordusunda 10 min fərarinin olması işğalçıların hansı duruma düşmələrini aşkar göstərir.. Azərbaycanda isə bir nəfər də fərari olmadı. Yəni həqiqətən də Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərdi.

Təəssüf ki, insanlığa qarşı cinayət olan erməni vandalizminin nəticələri, törədilmiş vəhşiliklər hələ də dəhşət saçır, dağıdılan şəhər və kəndlərimizdən heç bir əsər-əlamət qalmayıb. Vəhşi işğalçılar məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, dəfn edilmiş insanların qızıl dişlərini belə çıxarıblar. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq.

Bu gün uşaqdan böyüyə hər kəs bir ağızdan deyir ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq.

Bu müharibə həm də bizim gücümüzü, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini apardıq. Ölkə başçısı da hər zaman vurğulayır ki, Azərbaycan Ordusunun təcrübəsi və hərbi strategiyası beynəlxalq ekspertlər tərəfindən öyrənilir. Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər.

Qələbənin möhtəşəmliyini nümayiş etdirən Hərbi Qənimətlər Parkı

Azərbaycan tarixinə düşən Hərbi Qənimətlər Parkı bu gün dünyada nadir parklardan sayılır. Buranı ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaq.

Təbii ki, ordumuz güclü olmasaydı nə qələbə əldə olunardı, nə də belə bir möhtəşəm park olardı. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Prezident də parkın açılışı zamanı xüsusi olaraq qeyd etmişdi ki, biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. “Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq” deyə o qeyd edib.

Vətən müharibəsi isə göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb. Məsələn Azərbaycan tərəfdaş ölkələrdən elə texnika, elə silahlar alıb ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi.

Qısası, İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Bundan başqa ölkədə uzun illər siyasi sabitlik, vətəndaş birliyi təmin edilmişdi ki, bu da mühüm amil idi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı.

İqtisadi amillər də qələbəmizdə ciddi rol oynadı. Ölkənin iqtisadi qüdrəti müharibədə qələbə üçün zəmin yaratdı. Əgər iqtisadi inkişaf olmasaydı təbii ki, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi.

 

Bir maraqlı məqamı da vurğulayaq ki, azərbaycanlılar ermənilərin mənfur siyasətindən yalnız müstəqillik illərində əziyyət çəkməyiblər. Yəni problemlərimiz ondan daha əvvəl başlamışdı. 1987-ci ildə Ulu Öndərin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Ulu Öndərin istefasından iki həftə keçməmiş bir erməni millətçisi - Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir.

Yəni həqiqətən də Heydər Əliyevin dövründə ermənilər heç vaxt bu cür təxribat və cinayətlərə cürət edə bilmirdi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın.

Təəssüf ki, sonrakı mərhələlərdə böyük fəlakətlərə səbəb olan siyasi xəyanətkarlıqların şahidi olduq.Yəni doğrudan da müstəqilliyin ilk illərində baş vermiş cinayətləri unutmaq olmaz onları daim xatırlamaq lazımdır ki, gələcək nəsillər əsl reallığı bilsinlər. Müstəqilliyin ilk illərində faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir.

Yenə də meydana Ulu Öndər çıxdı və xalqımızı yeni bəlalardan qurtardı. Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində ölkədə xəyanət siyasətinə son qoyuldu. 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verəndən sonra AXC-Müsavat cütlüyü təşvişə və depressiyaya düşdü. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Ulu Öndərə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Azərbaycan xalqı bu səbatsızlara cəmi bir il dözdü. Qısası AXC-Müsavat cütlüyü şəxsi ambisiyalar naminə dövlətin maraqlarını satan siyasi qüvvələr oldular. Bu qüvvələr sonrakı illərdə də ölkədə xaos yaratmağa hesablanmış bir sıra addımlara cəhdlər etdilər. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyü hərbi çevriliş etmək istədilər. Xalq isə onları dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda “narıncı inqilab” təşkil etmək istədilər. Təbii ki, bütün bunlarda məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək idi.

Qısası Azərbaycanın yaxın keçmişində baş vermiş həm erməni vəhşilikləri həm də satqınlıqlarla bağlı tarixi dərindən bilmək borcumuzdur. Tarixdən danışarkən erməni dövlətinin bizim tarixi torpaqlarımızda yaradılmasını da qətiyyən unutmamalıyıq. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Əlbəttə AXC-nin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq ölkə başçısının da hər zaman dediyi kimi biz tarixi həqiqətləri bilməliyik. İrəvanı Ermənistana verdik Azərbaycan Xalq Cümhuriyyəti isə tam hakimiyyəti təmin edə bilmirdi. Artıq Azərbaycan yeni tarix yazır, regionda geosiyasi vəziyyətin dəyiºməsinə səbəb olan qələbələr əldə edir. Bu da hər bir vətəndaş kimi məni də qürurlandırır!

Murtuza Murtuzayev
Xəzər Rayon Gənclər və İdman idarəsinin əməkdaşı 

Xəbər xətti