Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu

19:43 - 23 Sentyabr 2019 - Xəbər

 Sentyabr ayının 21-də səhər saatlarından başlayaraq Buzovna çimərliyində “Beynəlxalq Sahilyanı Təmizlik Günü” çərçivəsində təmizlik aksiyası keçirilib.

Aksiya zamanı yüzlərlə könüllünün də dəstəyi ilə ərazi tullantılardan təmizlənib. Aksiyanın keçirilməsində əsas məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Tədbirin təşkilatçıları ənənəvi olaraq “Bakcell”, “Coca-Cola”, “PAŞA Bank” şirkətləri və “ASAN Könüllülük Məktəbi”dir. Aksiyanın partnyorları sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, ADA universiteti, “AzEkol”, “Carlsberg Azerbaijan”, “Nargis” jurnalı, “ASAN Radio”, “Xəzər TV”, AFFA və Azərbaycan Velosiped İdmanı Federasiyası yer almışdı.

Aksiyada ilk söz Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə verildi: “Təkcə Azərbaycan Xəzər ətrafında deyil, bütün Xəzəryanı ölkələr, bütün dünya belə aksiyalar keçirir. Biz də hər zaman ETSN olaraq belə aksiyaların keçirilməsində aktiv olmuşuq və bu davam edəcək. İştirak edən hər kəsə təşəkkürümü bildirirəm”. Jurnalistlərə açıqlama verən “Bakcell” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar direktoru Süheylə Cəfərova bildirdi ki, Bakcell şirkəti Azərbaycanda Beynəlxalq Sahilyanı Təmizlik Gününə qoşulan ilk iki böyük şirkətdən biri olub:
“Biz artıq neçə ildir ki, bu aksiyanı təşkil edirik. Həm əməkdaşlarımız, həm də tərəfdaşlıq etdiyimiz şirkətləri, könüllüləri, universitetləri bu təşəbbüsə qoşulmağa çağırırıq. Çox sevindiricidir ki, ilk illərdə bizim üçün könüllüləri, digər dövlət qurumlarını, şirkətlərini bu prosesə cəlb etmək çətin idisə, artıq son 2-3 ildə müxtəlif şirkətlərdən, təşkilatlardan, dövlət qurumlarından bizimlə birgə aksiyaya qoşulmaq üçün müraciətlər alırıq”.

S.Cəfərova bildirir ki, ətraf aləmi qorumaq onlar üçün çox vacibdir: “Uzunmüddətli perspektivdə bu təşəbbüsü dəstəkləməyə hazırıq. Təxminən 30-a yaxın əməkdaşımız bu aksiyada iştirak edir. Ailələri ilə gələn əməkdaşlarımız var. Ümumiyyətlə ötən illərdə də biz həmişə ailəmizi, uşaqlarımızı gətirməyə çalışmışıq ki, onlar da böyük təşəbbüsün bir hissəsinə çevrilsinlər”. Bakcell şirkətinin digər nümayəndəsi, Almaniya vətəndaşı Torsten Albers də ailəsi ilə birgə bu aksiyaya qoşulub:

“Bakcell” belə bir təşəbbüsü dəstəklədiyi üçün mən çox şadam. Bakcell artıq 6-cı ildir ki, bu aksiyaya qoşulur. Biz də aksiyaya ailəmizlə birlikdə qatıldıq. Xəzəryanı sahilləri təmizləməyə kömək etmək istəyirik. İnanıram ki, bu çox lazımlı bir təşəbbüsdür. Bir müddət əvvəl Şurabadda da oxşar təşəbbüsdə iştirak etmişik. Və ümid edirəm ki, sahillərin təmizlik problemləri Bakıda da, Almaniyada da tezliklə həll olunar”.

Bundan əlavə ASAN Xidmətin sədri Ülvi Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas və s. nümayəndələr çıxış etdilər. Qeyd edim ki, artıq 33 ildən çoxdur dünyanın bir çox ölkələrində sentyabr ayının 21-i Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd olunur. Ölkəmiz isə artıq 9 ildir ki, bu aksiyaya qoşulub. Əlində sellofan torbalarla tullantı təmizləyən Əli İbrahim mütəmadi bu aksiyaya qoşulduğunu deyib:

“Aksiya çərçivəsində bir çox insanlarla tanış oldum. Bu gün gördüyüm mənzərə qarşısında təəssüf hissi keçirdirəm. İnsanlar təbiətin qorunmasına laqeyd yanaşırlar. Təbiət evimizdir, əgər insan öz evini qorumasa, necə yaşa bilər, gələcək nəsillərə nə ötürə bilər?! Qaneedici olmasa da, bir çox ölkələrdə bununla bağlı təşviqat işləri aparılır. Təbiəti qorumağa kütləvi şəkildə əməl olunmalıdır”. Təşkilatçılara təşəkkürünü bildirən Ə.İbrahim bu layihənin davamlı olmasını arzulayıb.

Könül Oruc


Xəbər xətti