Son illər Bakıda inşa edilmiş yeraltı keçidlərin əksəriyyət eskalatorla təchiz edilsə, onların bir qismi işləmir.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu kimi hallara paytaxtın bütün ərazilərində, o cümlədən Füzuli və Yusif Səfərov küçələrində və Bakının digər ərazilərində rast gəlmək olar. Eskalatorların işləməməsi hamıya, xüsusilə də yaşlı insanlara çətinlik yaradır. Son nəticədə insanlar yeraltı keçidlərdən istifadə etməməyə, nəqliyyat vasitələrinin sıx olduğu yollarla hərəkət etməyə üstünlük verirlər. Bu isə təhlükəsizlik qaydalarına ziddir.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, nəzarətçilər eskalatorlara gündəlik baxış keçirirlər: “Eskalatorun təmiri mümkünsə, bu həyata keçirilir və qısa müddət ərzində işlək vəziyyətə salınır. Lakin təmiri mümkün deyilsə, sifariş verilir və eskalatorun ehtiyat hissəsi gətirilir. Füzuli küçəsində 6 eskalator işləmirdi, bunlardan 4-ü təmir olunub, 2-də problem var və bu problem yaxın müddət ərzində aradan qaldırılacaq. Ehtiyat hissəsi sifariş verilib”.
A.Nəcəfli bildirib ki, bu ilin martın sonuna olan göstəriciyə əsasən Bakıda 30-a yaxın yerdə eskalatorlar sıradan çıxmışdı: “Bunun 22-si təmir edilib. Hazırda bir neçəsinin təmiri həyata keçirilir, bəzilərinin isə ehtiyat hissələrini gözləyirik”.
O, eskalatorların sıradan çıxmasının səbəbi barədə danışıb: “Açıq hava şəraitində o cür eskalatorların quraşdırılması düzgün deyil. Bunlar uzunmüddət açıq hava şəratində fəaliyyət göstərmək üçün nəzərdə tutulmayıb. Yağışlı-qarlı hava şəraitində eskalatorun hər hansı bir hissəsi sıradan çıxa bilər”.