Martın 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Göyçay şəhərində vətəndaşları qəbul edib.
Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.