Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci km hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Hökməli dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, bundan başqa, Bakı şəhəri, Bibiheybət məscidinin yanında və Bakı-Şamaxı avtomobil yolunun 15-100-cü km hissəsində yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.
Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb. Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub.
Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.
Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.