Konqo Demokratik Respublikasının (KDR) Bukavu şəhərində baş verən yanğınlar nəticəsində azı 13 nəfər ölüb, 6 məktəb və iki sağlamlıq mərkəzi yanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 10-da şəhər hakimiyyətinə istinadən Actualité portalı məlumat yayıb.
Yanğınlar 1000-dən çox binaya zərər vurub. Şəhərdə 6 məktəb dağıdılıb, şagirdlərin şəxsi işləri və digər mühüm sənədlər də yandırılıb. Bundan əlavə, qocalar evi də daxil olmaqla iki sağlamlıq mərkəzi alov nəticəsində məhv olub.
Şəhər hakimiyyəti 13 nəfərin öldüyünü bildirib. Actualité qeyd edir ki, evsiz qalan minlərlə insan küçələrdə yatmağa məcburdur. Şəhər rəhbərliyi binaların bərpası üçün ölkə rəhbərliyindən və humanitar təşkilatlardan kömək istəyib.
Portal əlavə edir ki, Bukavuda hər quraq mövsümdə günəş panelləri və akkumulyatorlardan düzgün istifadə edilməməsi, həmçinin yerli sakinlər tərəfindən evlərdə yanacaq saxlamaq təcrübəsi səbəbindən yanğınların artması müşahidə olunur.