Azərbaycanda 150-dən çox insan qızılcaya yoluxub

11:28 - 27 Fevral 2019 - ÖLKƏ İÇİ

Azərbaycanda ötən ilin dekbar ayından indiyədək 150-dən çox insan qızılcaya yoluxub.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, 2018-ci ilin dekabr ayı və bu ilin yanvar ayında ölkə üzrə 106 nəfərin qızılcaya yoluxduğu təsdiqini tapıb. Fevral ayında isə yoluxmaların sayı 50-dən çox olub:

“Xəstələnmə səviyyəsi demək olar ki, eynidir, amma son günlərdə yoluxma sayında bir qədər azalma müşahidə edilir. Çünki ərazilərdə peyvənddən kənarda qalan uşaqların buna cəlb edilməsi işi daha da gücləndirilib, gücləndirilmiş qaydada əks-epidemik tədbirlər həyata keçirilib, xəstələrin izolyasiya edilməsi, müayinə və müalicəyə cəlb edilməsi vaxtında həyata keçirilib. Hazırda bu tədbirlər davam etdirilir”.

A.Əliyeva qeyd edib ki, qızılcaya yoluxanların əksəriyyəti vaxtilə peyvənd olunmayan 20-40 yaşlı şəxslərdir.
Mərkəz rəsmisi vurğulayıb ki, havanın temperaturu yüksəldikcə qızılcaya yoluxma halları daha da azalacaq: “Hazırda insanlar daha çox qapalı şəraitdə olurlar. Qızılcaya yoluxma zamanı isə havanın dəyişdirilməsi çox vacibdir. Payız-qış mövsümü üçün xarakterik olan qızılca xəstəliyi yay mövsümünə yaxın artıq qeydə alınmayacaq”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisi Azərbaycanda qızılcaya yoluxmanın gözləniləndən daha artıq müşahidə edildiyini açıqlayıb:
"Azərbaycanda gözləniləndən daha artıq xəstəlik halları müşahidə edilir. Bu hallar 2018-ci ilin sonundan artmağa başlayıb. Xəstəlik halları, əsasən vaxtı ilə peyvənd olunmamış 20-40 yaş qrupuna aid insanlar arasında baş verib".

Xəbər xətti