Qanunu bilməmək məsuliyyətdən azad etmir

18:09 - 21 Fevral 2019 - KİVDF

Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər

Azərbaycan Respublikası demokratik dəyərlərə, qanunun aliliyinə və ədalətə əsaslanan dövlət quruculuğu yolunu seçərək insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini öz ali məqsədi elan edib. Konstitusiyada həmçinin beynəlxalq-hüquqi standartlar əsasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə və təminat mexanizmləri müəyyənləşdirilib.

Dövlətlə fərd arasındakı münasibətlər qanunvericiliyin müddəaları əsasında tənzimlənir. Hüquq və azadlıqların məhkəmə təminatı, hüquqi yardım almaq hüququ, məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi, tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları və başqa təminatlar həm Konstitusiyada, həm də onun əsasında qəbul edilmiş digər qanunlarda öz əksini tapıb. Bu barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında bildirilib.

Konstitusiyanın 66-cı maddəsində göstərilir ki, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir. Özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. Göstərilən konstitusiya norması cinayət təqibi üzrə müvafiq standartları müəyyən edən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktların normaları ilə eynilik təşkil edir. Belə ki, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinə görə hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir.

Göründüyü kimi həm konstitusiya həm də beynəlxalq-hüquq normaları cinayət prosesində əmələ gələn münasibətlərə şamil edilir. Ona görə, təsadüfü deyildir ki, Konstitusiyanın 66-cı maddəsində nəzərdə tutulmuş təminat, cinayət-prosesual qanunvericiliyində də öz əksini tapıb. CPM-nin 20-ci maddəsində nəzərdə tutulur ki, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır.

Özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir. Belə yanaşma konstitusiya tələblərindən irəli gəlir. Konstitusiyanın 24-cü maddəsinin II hissəsinə əsasən hüquq və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Konstitusiyanın 72-ci maddəsinin I hissəsində qeyd edilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.

Bu maddənin II hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III hissədə qeyd edilib ki, qanunu bilməmək məsuliyyətdən azad etmir.

Konstitusiyanın 80-cı maddəsinə görə isə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə  dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.

Şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə xələl  gətirmədən, digər şəxslərin hüquq və azadlıqlarını yol hərəkəti ilə bağlı baş verə biləcək cinayətkar qəsdlərdən qorumağa, habelə belə cinayətlərin qarşısını almağa yönəlmiş müvafiq cinayət-hüquqi norma CM-nin 264-cü maddəsində öz əksini tapib. Bu maddəyə əsasən Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur
Bu maddəyə əsasən CM-nin 263-cü maddəsində (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması cinayyət məsuliyyətinə səbəb olur. CM-nin 263-cü maddəsinə görə isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə (CM-nin 263.2-ci maddəsi), və ya iki və daha çox şəxsin ölümünə (CM-nin 263.3-cü maddəsi) səbəb olduqda şəxs həmin maddədə göstərilmiş sanksiyalara məruz qalır.Yəni birinci halda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə, ikinci halda isə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

CM-nin 264-cü maddəsi nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan və həmin Məcələnin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda yol-nəqliyyat hadisəsi yerindən qaçan şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını ehtiva edir. Bu maddənin CM-nə daxil edilməsi yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarına əməl olunması, bu qaydalar pozulduqda isə yol-nəqliyyat hadisəsi nəticələrinin tezliklə aradan qaldırılması, digər şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması və bu hüquqların təxirəsalınmadan bərpa edilməsi zərurətindən və «Yol hərəkəti haqqında» Qanunun müvafiq müddəalarından irəli gəlir.

(Davamı var)

Xəbər xətti