Goranboy rayonunda yanacaqdoldurma məntəqəsinin işçisini aldadaraq pulunu ələ keçirən şəxslər tutulub.
Goranboy Rayon Polis Şöbəsinə fevralın 1-də saat 23 radələrində Dəliməmmədli kəndi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gələn dövlət qeydiyyat nişanları olmayan “Subaru” markalı avtomobilin sürücüsünün oradakı operatoru aldadaraq 90 manatını soyğunçuluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub.
Polis şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Subaru” markalı avtomobilin sürücüsü, Tovuz rayon sakinləri, əvvəllər məhkum olunmuş R.Quliyev və sərnişini İ.Həsənovun avtomobilə 10 manat dəyərində yanacaq doldurub xırda pullarının olmamasını əsas gətirərək 100 manat verəcəyini bildirməklə operatordan soyğunçuluq yolu ilə 90 manat alaraq hadisə yerini tərk etmələri müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən R.Quliyev və İ.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.