Deputatlar Prezidentin şəhid ailələri ilə bağlı fərmanını alqışlayırlar

16:54 - 28 Yanvar 2019 - Xəbər

Bu gün - yanvarın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

Şəhid ailələri ilə görüş zamanı dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını bildirib. Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb.  Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Ucnoqta.az xəbər verir ki, Milli Məclisin deputatları Modern.az-a açıqlamalarında Prezident İlham Əliyevin bütün şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı  imzaladığı yeni Fərmanı alqışlayıblar. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı məsələ çoxdandan gündəmdəydi: “Keçən il cənab prezidentin bununla bağlı Fərman da imzalamışdı. Ölkə başçısının Fərmanına əsasən bir neçə şəhid ailəsinə bu müavinət verilməsinə başlanılmışdı. Amma bu müavinətlərin verilməsi ilə əlaqədar şikayətlər də çox idi. Hətta mən bu məsələni Milli Məclisdə də qaldırmışdım. Bildirmişdim ki, bütün şəhid ailələrinə 11 min manatlıq vəsaiti vermək lazımdır”.

Deputat Prezident İlham Əliyevin bütün şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı  imzaladığı yeni Fərmanı yüksək qiymətləndirib:
“Hər zaman ölkə başçısı İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və sosial müdafiəyə ehtiyacı olan insanlara çox böyük diqqət göstərilir. Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Mən ölkə başçısının bu addımını alqışlayıram”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli bildirib ki, Prezident İlham Əliyevin bütün şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı  imzaladığı yeni fərmanı yüksək qiymətləndirib.
“Mən də ölkə başçısına şəhid ailələri ilə bağlı yeni fərman imzaladığına görə təşəkkür edirəm. Mən və deputat həmkarlarım da Milli Məclisdə dəfələrlə məsələ qaldırmışdıq ki, hərbçi şəhidlərlə yanaşı, polis orqanlarında xidmət keçib və könüllü şəhid olmuş insanların da ailələrinə birdəfələlik müavinət verilsin. Ölkə başçısı isə imzaladığı son fərmanla demək olar ki, bu məsələyə son qoyub. Mən də şəhid dayısı  kimi ölkə başçısı minnətdarlıq edirəm”.

“Azərbaycan şəhid ailələri, eləcə də müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə bir nümunədir. Dünyada çox az ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun. Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu mənada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi vurğulanmalıdır”. Bu sözləri Milli Məclisin Əmək və sosial  siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin  bütün şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı imzaladığı yeni Fərman bu faktı bir daha təsdiqləyir:
“Ölkə başçısının imzaladığı yeni Fərmanla əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Eyni zamanda, ölkə başçısının imzaladığı fərmanda yenilik ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçu olmayanların, polis işçilərinin və digər qrupların da vərəsələrinə birdəfəlik ödəmə veriləcək. Bu, bir daha dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ifadəsidir”

Hadi Rəcəbli qeyd edib ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi şəhid ailələrinə olan diqqət və qayğının daha bir nümunəsidir:
“Heç şübhəsiz ki, bu görüş cəmiyyətə də bir mesajdır ki, cəmiyyətdə şəhid ailələrinə diqqət göstərilməli, hörmət və ehtiramla yanaşılmalıdır”.

Xəbər xətti