Nazirlik zavodu cəzalandırıb

16:37 - 28 Yanvar 2019 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) havaya atılan tullantıya görə zavodu cəzalandırıb

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı növbəti araşdırma və monitorinq keçirilib. Atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, ETSN tərəfindən 2018-ci ilin dekabr ayında zavod barəsində akt, protokol tərtib olunmuş və zavoda müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi. Məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün zavod barəsində yenidən protokol tərtib edilərək hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Suraxanı rayon məhkəməsinə göndərilib.

Xəbər xətti