Son günlər Ermənistanda yaşanan proseslər Avropa Parlamenti (AP) kimi qurumların demokratiya maskalarının növbəti dəfə yerə düşməsi üçün yetərli hadisədir. Azərbaycanın beynəlxalq imicinə davamlı ciddi zərbələr vurmaq üçün bütün imkanlarını səfərbər edən Qərb instututları işğalçı dövlətdə yaşananları yenə də görmürlər.
Gəlin baxaq, Ermənistanda nə baş verir?
Yerevanın Nubaraşrn təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və Vahid Ermənistan partiyasının sədr müavini Mqer Yeqiazaryan 52 günlük açlıq aksiyasından sonra vəfat edib. Xatırladaq ki, bu şəxs siyasi fəaliyyətimə görə qondarma ittihamlarla həbs edilmişdi və buna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına başlamışdı.
Azərbaycanda nə baş vermişdi? Mehman Hüseynov guya açlıq elan etmişdi. Guya bu şəxsə qarşı yenidən ittiham irəl sürmüşdü. Hansı ki, bunların heç biri tam təsdiqin tapmadı və M.Hüseynova qarşı da heç bir yeni ittiham irəli sürülmədi. Təcridxanada mübahisə etdiyi şəxslə barışdı və məsələ həll oldu.
Göründüyü kimi, bu iki fakt müqayisəyə belə gəlmir. Amma AP dərhal Azərbaycana M.Hüseynov məsələsi ilə bağlı əsassız qətnamə qəbul etdi. Qərb mətbuatı Azərbaycanı ləkələmək üçün səfərbər oldu. Sapı özümüzdən olan baltalar və xaricdə gizlənən şəxslər hakimiyyətə qarşı ləkələmə kampaniyası aparmaq üçün sanki yarışa çıxdılar.
Ermənistanda siyasi məhbusun ölümünə isə sanki sıradan bir hadisə baş verib kimi yanaşılır. Hamı susur... Və ortaya suallar çıxır: Azərbaycanı olmayan hadisələrə görə hədəfə götürən və dərhal qətnamə çıxaran AP Ermənistanda baş verən daha ağır hadisəni niyə görmür?
10 ildə Azərbaycana qarşı təcili qətnamələr çıxaran AP-nin, kriminal Ermənistan rejiminə seçki saxtakarlığından tutmuş, bu kimi hadislələrə qədər fərqli yanaşmasının səbəbi nədir?
Beləliklə, ikiüzlü siyasətin aparıcıları olan Qərb institutlarının saxtakarlığı gün işığı kimi aydın görünür və bu saxtakarların ağzından vurmaq üçün yetərli arqumentlər özü “dil açıb” danışır.
Artıq Qərb institutları istəsələr belə özlərinin ikili standartlardan çıxış etdiklərini gizlədə bilmirlər.
Özlərinə sərf edəndə rüşvətə bulaşmağın mümkünlüyünü də bu kimi faktlarla sübut etmirlərmi?
Konqresmenlər, senatorlar erməni lobbisinin pulunun cazibəsi qarşısında sındıqlarını göstərmirlərmi?
Kriminal Ermənistan rejiminin etdiklərinə göz yuman AP kimi qurumların başqa bir dövlətin daxili işinə qızışdırıcı metodlarla qarışmasının demokratiya ilə heç bir bağlılığı yoxdur. Demokratiya bu instutların timsalında sözün həqiqi mənasında bütün coğrafi məkanlarda şübhəli xarakter alıb. Beş-altı il içərisində dünyanın siyasi mənzərəsini göz önünə gətirsək, bunun əyani şahidi olarıq...
Dünya yalançı, ikiüzlü demokratiya çarçıları ilə üz-üzədir. Demokratiya, insan haqları moizələri bu dairələrə öz çirkin siyasətlərini gerçəkləşdirmək üçün bir alətdir. Nə yazıq ki, Qərbin, əslində demokratiya adı altında apardığı siyasətinin kökündə ikili standartların, xristian təəssübkeşliyinin dayandığını indi ancaq siyasətdə naşı olanlar, bir də yeni doğulan körpələr anlamaya bilər...
Elman Babayev