Sahələrdə siçanabənzər gəmiricilər yayılıb

10:23 - 21 Yanvar 2019 - ÖLKƏ İÇİ

 Qəbələ rayonu Bitki Mühafizəsi Mərkəzinin (BMM) mütəxəssisləri tərəfindən 2950 hektar əkin sahəsində siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidə işləri aparılıb. Müşahidə işləri rayonun Bayramkoxa, Kürd, Yenikənd, Böyük Pirəlli, Aydınqışlaq, Zarağan, Böyük Əmilli kəndlərinin əkin sahələrini, Qəbələ şəhər əhalisinin pay torpaqlarını, “Gilan Dairy Farms” taxılçılıq toxumçuluq təsərrüfatını və fermer Şahin Mustafayevə məxsus toxumçuluq təsərrüfatına məxsus taxıl sahələrini əhatə edib.

Kənd Təssərrüfatı nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, müşahidə aparılmış ərazilərin əsasən Qaş adlanan massivin taxıl sahələri də daxil olmaqla, 1735 hektar sahənin ziyanvericilərlə sirayətləndiyi müəyyən edilib. Təsərrüfat subyektləri hesabına 730 hektar sahədə “sink-fosfid” preparatı ilə kimyəvi dərmanlama işləri aparılıb.
Şabran  rayonu  ərazisində  siçanabənzər gəmiricilərin yayılma  arealını müəyyənləşdirmək  məqsədi ilə 3827 hektar sahədə fitosanitar müşahidə aparılıb. Müşahidə zamanı taxıl sahələri, meyvə  və üzüm bağları, yonca və  təbii otlaqlar daxil olmaqla, ümumulikdə 1977 hektar  sahədə sirayətlənmə  müşahidə olunub. 35 hektar taxıl  sahəsində  İqtisadi Zərərvermə Həddindən yüksək olduğu üçün dövlət vəsaiti  hesabına “Brodifak-0,25%” preparatı  ilə mübarizə aparılıb. Hazırda mübarizə işləri davam etdirilir.   

Kürdəmir rayon Bitki Mühafizə Mərkəzi tərəfindən rayon ərazisində  siçanabənzər gəmiricilərə qarşı aparılan müşahidə və kimyəvi mübarizə tədbirləri hazırda davam etdirilir.

Belə ki, rayon BMM-nin  mütəxəssisləri tərəfindən  Şilyan və Qarasu kəndləri ərazisində yerləşən “SM AQRO” MMC-yə məxsus 2100 hektar   payızlıq taxıl sahəsində siçanabənzər gəmiricilərin yayılma arealını  müəyyən etmək məqsədi ilə fitosanitar müşahidə aparılıb. Müşahidə zamanı 1300 hektar sahədə sirayətlənmə qeydə alınıb. 1000 hektar sahədə sirayətlənmə İqtisadi Zərərvermə Həddindən yüksək olduğu üçün “Brodifak-0,25%” preparatından istifadə edilməklə kimyəvi mübarizə  aparılıb.

Kimyəvi  mübarizə zamanı sahibkarlar və işçilər “Brodifak-0,25%” preparatından istifadə edərkən texniki təhlükəsizlik tədbirləri ilə bağlı təlimatlandırılıb. Hazırda  kimyəvi  mübarizə  tədbirləri  davam  etdirilir.


Xəbər xətti