Dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq etmiş, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirmiş, xidməti otaqda olan əşyaları dağıdaraq sındırmışdır.
Penitensiar xidmətdən Ucnoqta.az-a verilən məlumata görə, hadisə zamanı xəsarət almış Ə.Abdalova tibbi yardım göstərilməsi məqsədi ilə müəssisəyə təcili həkim briqadası çağrılmışdır.
Məlumat üçün qeyd olunur ki, məhkum M.Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülmüşdür.
Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən hadisə yeri müayinə olunmuş və aidiyyəti üzrə araşdırma aparılır. Prokurorluqdan verilmiş məlumata görə faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanılmışdır.