Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə güllər düzülüb.
Konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Filmdə 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətində yaradılmış Poçt, Teleqraf və Əmək Nazirliyinin, daha sonra ayrıca qurum kimi formalaşan Əmək Nazirliyinin fəaliyyətindən söz açılır, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə humanist dəyərlərə, sosial ədalət prinsipinə əsaslanan sosial siyasətin formalaşması və inkişafı istiqamətində mühüm tarixi xidmətləri diqqətə çatdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısından, ölkədə həyata keçirilən və genişlənən mühüm sosial proqramlardan, aktiv sosial müdafiə və məşğulluq tədbirlərinin güclənməsindən bəhs olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmin təcəssümü olan və sosial müdafiə və reabilitasiya sahələri də əhatə edən təşəbbüs və layihələri filmdə əksini tapır.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Azərbaycanda sosial inkişafın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edib. Ə.Əhmədov son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlu sosial siyasət həyata keçirildiyini vurğulayıb. O, əhalinin sosial müdafiəsinin, məşğulluğun təmin olunması, rifah səviyyəsinin yaxşılaşdırılması sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə geniş vəzifələr düşdüyünü, bu vəzifələrin icrası yönündə nazirliyin məqsədyönlü işlər apardığını, əmək və sosial təminat sisteminin inkişafı üçün mühüm islahatlar həyata keçirdiyini qeyd edib, nazirliyin 100 illik yubileyi münasibətilə xoş arzularını çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, sosial rifahın təminatı hər bir ölkənin ümumi inkişafının əsas göstəricilərindən biri kimi qəbul edilir. Bu mənada ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən olan müasir Azərbaycan eyni zamanda bir sosial dövlət olaraq bu inkişafını özünün güclü sosial siyasətində təcəssüm etdirir.
S.Babayev 2018-ci ilin 11 ayında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin əvvəlki ilə nisbətən 224 milyon manat, o cümlədən qeyri-büdcə sektoru üzrə 145 milyon manat artdığını və proqnoza 105,4 faiz əməl olunduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq, pensiya təyinatı sistemində təkmilləşdirmələr aparılıb. Müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər gələn ilin əvvəlindən pensiya təyinatının heç bir sənəd tələb olunmadan, avtomatlaşdırılmış şəkildə həyata keçirilməsinə imkan verəcək. Başqa sözlə, 2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. istisna olunmaqla, pensiya yaşına çatanların 70 fazinin pensiya təyinatı avtomatlaşdırılmış şəkildə aparılacaq.
S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması nəticəsində 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə səbəb olub. Həmçinin bu il daha 265 nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunub. Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunmasını nəzərdə tutan 19 aprel 2018-ci il tarixli Fərman isə dövlət başçısının hümanist təşəbbüsünün nəticəsi və şəhid ailələrinə xüsusi qayğısının davamıdır. 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, onlardan artıq 3,1 min nəfərinin 4 mindən çox vərəsəsinə həmin ödənişlərin verilməsi prosesi həyata keçirlir.
S.Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial müdafiə və reabilitasiya sahələrində aparılan işlərə dəstək məqsədli layihələrindən bəhs edib, xüsusilə də bu layihələrin həssas qruplara, sağlamlıq imkanları məhdud uşaqlara, valdeyn himayəsindən məhrum gənclərə qayğının artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Fiziki məhdudiyyətli insanların sosial yönümlü reabilitasiya tədbirlərinə cəlb olunması işlərinin genişləndirildiyini qeyd edən nazir bildirib ki, sosial xidmət müəssisələrinin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin məlumatları əhatə edən ilk kitab-albom - “Əlillik qüsur deyil” kitab-albomu Azərbaycan və ingilis dillərində hazırlanaraq nəşr etdirilib. Həmçinin əsasən əlilliyi olan yaradıcı insanları birləşdirən ƏSA teatrına müvafiq dəstək verilir.
Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2018-ci il tarixli Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin bir qrup əməkdaşının fəxri ad və “Tərəqqi” medalı ilə təltif edilmələrinə görə dövlət başçısına təşəkkürünü ifadə edib, bu Sərəncamların əmək, məşğulluq, sosial müdafiə sahəsində çalışan insanların əməyinə yüksək dəyər verilməsinin təzahürü olduğunu vurğulayıb.
Konfransda Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev çıxış edib, əmək və sosial müdafiə sahəsində aparılan islahatların əhəmiyyətindən bəhs ediblər.
Müsabiqədə I yeri tutmuş Azad Əliyevə ("Həftə içi" qəzetinin redaktoru), II yeri tutmuş Gülnarə Məmmədovaya ("Bizim Yol" qəzetinin müxbiri) və Orxan İsrafilova ("İki sahil" qəzetinin bölmə müdiri), III yeri tutmuş Ziyadxan Həsənova ("AZƏRTAC" İnformasiya Agentliyinin bölmə müdiri), Günel Cəlilovaya ( "Bakı-Xəbər" qəzetinin müxbiri) və Nardar Bayramova ("Yeni Azərbaycan" qəzetinin müxbiri) diplom və mükafatlar, həmçinin Məğrur Əliyevə (“Kaspi" qəzetinin baş redaktor müavini), Aysel Oğuza (“Olaylar" qəzetinin şöbə müdiri), Minarə Hacıyevaya ("Səs" İnformasiya Agentliyinin şöbə müdiri), Mahir Zeynalova ("Xalq Cəbhəsi" qəzetinin redaktoru) və Rüfət Sultana ("Mövqe" qəzetinin müxbiri) təşəkkürnamə və həvəsləndirici mükafatlar təqdim olunub.
Konfransın I sessiyası “Sosial müdafiə sistemi və onun əsas prioritetləri” mövzusuna həsr olunub. Sessiyada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Bakı Dövlət Universitetinin professoru, “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kafedra müdiri, iqtisad elmləri doktoru Vilayət İsmayılov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Fatoş Hande Harmançının məruzələri dinlənilib.
Elmi-Tədqiqat və Tədris Mərkəzinin dissertantı Vəsilə Xəlilova məruzələrlə çıxış ediblər.