Könül Telmanqızı: “Əgər valideyn övladına zamanında bu vaxtı ayıra bilərsə, uşaq da lazımsız kompüter oyunlarına meyl etməyəcək”
Aydan Nəzərova: “Yaxşı olar ki, valideynlər övladları hər hansı bir oyun oynayanda, yaxud cizgi filminə baxanda uşaqların yaşına uyğun olaraq müddətli şəkildə icazə versinlər”
Araşdırma çərçivəsində alimlər müəyyən edib ki, kompüter qarşısında çox oturan uşaqların beyninin toxumasının strukturu dəyişir. Kompüter oyunları uşaqların baş beyin qabığını nazikləşdirir. Uşaqlar kompüter qarşısında çox oturub oyun oynadıqları və internetdə zaman keçirdikləri zaman onların beyinlərinin inkişafı zəifləyir. Bu qərara ABŞ Milli Sağlamlıq institutunun ekspertləri apardıqları araşdırmalarının nəticəsində gəlib. Araşdırma çərçivəsində alimlər müəyyən edib ki, kompüter qarşısında çox oturan uşaqların beynin toxumasının strukturu dəyişir.
Həkim Haya Doulinq qeyd edib ki, bu intellektual inkişafa cavabdeh olan baş beyin qabığına da aid edilir. Bu da beyinin erkən qocalmasına səbəb olur.
Eyni zamanda qeyd edilib ki, kompüter oyunlarına aludə olan uşaqlarda müsbət emosiyalar və zövqlərə görə cavabdeh dofamin hormonunun xaric edilməsi yüksəlir. Bu da öz növbəsində şəxsin vəziyyətinə mənfi təsir göstərməklə yanaşı, şizofreniya və digər psixi xəstəliklərin inkişafına səbəb ola bilər.
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Köbül Telmanqızı bildirdi ki, uşaqlar boşluq yaşayan zaman oyunlara meyl etməyə başlayırlar. Gərginlik yaşayan uşaqların da seçdiyi oyunlar əsasən aqressivliyə meyilli oyunlar olur: “Uşaqlar belə oyunlar oynadıqca daha da aqressivləşir və bu gərginliklərini evdəki valideynlərinə, bacı-qardaşlarına ötürməyə başlayırlar. Bu ötürücülükdən dolayı evdə valideynlə övlad arasında problemlər baş qaldırır. Kompüter oyunu oynayan bir çox uşaqlar qeyd edirlər ki, baş və göz ağrıları çox olur. Bildirmək istərdim ki, kompüter oyunlarının uşaqlar üçün heç bir xeyirli tərəfi yoxdur, ziyanlı tərəfləri var. Uşaqlarda gözdə zəifliyin yaranmasına, təfəkkürü ilə bağlı müəyyən problemləin ortaya çıxmasına və yaddaş zəifliyinə səbəb ola bilər”.
Psixoloqun sözlərinə görə, sırf oynadığı oyunlardan sonra yaranan bu aqressiya uşağın psixoloji durumunda müəyyən problemlərin yaranmasına yol aça bilər: “Bu tipli oyunlara meyil edən uşaqlarda ünsiyyət problemi yaşanır, ətrafdakı insanlarla ünsiyyətlərini azaltmağa başlayırlar. Ünsiyyətdə yaranan problem zaman keçdikcə uşağın özünə qapanmasına gətirib çıxarır. Uşaq daimi şəkildə bu oyunlara aludə olaraq oyun saatını artırmağa başlayır. Belə vəziyyətdə valideyn övladına laqeyd qalarsa, uşaq daha yeni oyunlar kəşf etməyə başlayır və hər oyunun həyəcanını yaşayır. Yaşadığı həyəcan da psixologiyasına mənfi təsir göstərir. Bu zaman isə uşağın artıq məktəbdə oxuduğu dərslərə meylliliyi azalır, bütün fikri oyunda qalır. Beynində oyunda gedən prosesləri müzakirəyə çevririr. Ona görə də həmin uşaqlar daha çox ətrafdan uzaq qalmağı seçirlər. Oyunda qalibiyyət əldə etməyibsə, qalib gəlmək üçün mübarizə yolu axtarmağa başlayır və bacardığı qədər ətrafdakı suallara cavab vermir, aqressivləşir, özünəqapanır”.
Kompüter oyunlarının uşaqlara zərərli təsirlərindən danışan K.Telmanqızı deyir ki, bu problemlər uşaqların yaşı artdıqca daha çox poblemlərə yol aça bilir: “Buna görə də valideynlərimiz diqqətli olsunlar. Öz sakitliyinə görə bəzən uşağın kömpüterdə oynamasına icazə verirlər. Amma bu düzgün deyil, valideyn övladı ilə birlikdə zaman keçirməlidir. İş vaxtını düzgün tənzimləmək lazımdır ki, övladına ayrımağa vaxt qalsın. Əgər valideyn övladına zamanında bu vaxtı ayıra bilərsə, uşaq da lazımsız kompüter oyunlarına meyl etməyəcək. Onun maraq dairəsinə uyğun şeylər olarsa kompüter oyunları uşaq üçün axırıncı plana düşəcək”.
“Narınc” Uşaq Psixologiya Mərkəzinin baş psixoloqu və baş məsləhətçisi Aydan Nəzərova bildirdi ki, texnologiya əsri olduğu üçün televizor, telefon, planşet internet daha sürətlə inkişaf edir və buna görə də böyüklər, həmçinin uşaqlar ona daha çox yönəlir: “Ümumiyyətlə, tele-kommunikasiya vasitələrinin qarşısında çox oturmaq yaşından asılı olmayaraq heç kəsə müsbət təsir göstərmir. Böyük adam bir saat fasiləsiz şəkildə verilişə baxanda həmin vaxt qəbul olunan məlumatlar bir həftəyə beyindən təmizlənir. Təsəvvür edin, uşaqlarda bu vəziyyət necə olur. Elə uşaqlarımız var ki, gününün 7-8 saatını planşet, yaxud televizor qarşısında keçirir. Yaxud valideyn telefon verir, uşaq internetə daxil olaraq hər hansı cizgi filmini izləyir. Bunun ziyanlı tərəfləri çoxdur. Həm fiziksəl, həm də psixoloji tərəfləri var. Fiziksəl odur ki, göz inkişafını zəiflədir və beləliklə, uşağın gözlərində zəifləmə başlayır. Psixoloji tərəfləri odur ki, uşaqlar daha çox özlərinə qapanıq olurlar. Yeni nitq açma dönəmində olan azyaşlı uşaqlarda nitqin geriləməsini müşahidə edirik. Zamanla bunun üzərinə düşülmürsə nitqlə yanaşı zəka səviyyəsi geri qalır, yəni təfəkkürünü inkişaf etdirmir. Nəticədə uşaqda psixi nitq inkişaf geriləməsi yaradır”.
A.Nəzərova deyir ki, valideynlər yaxşı olar ki, övladları hər hansı bir oyun oynayanda, yaxud cizgi filminə baxanda uşaqların yaşlarına uyğun olaraq müddətli şəkildə icazə versinlər: “Övlad cizgi filminə baxırsa, valideyn də onunla birgə izləməli və danışmalıdır. Çünki uşaq ora baxan zaman bu birtərəfli ünsiyyətdir. Birtərəfli ünsiyyət isə ümumiyyətlə uşaqları passivləşdirir, nitq qabiliyyətini zəiflədir, nitqini gerilədir. Belə uşaqlar ünsiyyətdən qaçır, çəkingən olur, səsə adaptasiya problemi yaşayır və sadəcə özlərinə qapanıb bir kənarda otururlar. Bu da yaxşı nəticələrə gətirib çıxarmır”.
Psixoloq məsləhət görür ki, valideynlər övladları üçün günlük plan tutsunlar və gündəlik rejimlərini ora qeyd etsinlər: “Gündəlik rejimin əyləncə saatına cizgi filmi, yaxud praktik oyunlar sala bilərlər. Fikrimcə, daha yaxşı olardı ki, valideynlər övladları ilə daha çox praktik zaman keçirsinlər. Amma bəzən hər iki valideyn çalışdığı üçün övladına zaman ayırmağa vaxt qalmır. Buna görə də valideynləri qınamalı deyil. Axşam evə gələn ana yemək hazırlayır, uşağı yedizdirir, ev işləri və uşağın dərsləri ilə məşğul olur. Və uşaqla parktik zaman keçirmək kənarda qalır. Həftənin son bir-iki günü uşaqla zaman keçirməyə vaxtları qalır, o da əgər toy-bayram yoxdursa”.
Başqa bir nüansa toxunan A.Nəzərova deyir ki, çalışdığı üçün övladına zaman ayıra bilməyən valideynlərlə yanaşı, evdə olub çalışmayan analar da var: “Bəzi analara evdə olsalar da, övladları ilə məşğul olmurlar. Ancaq ev işlərini görür, telefonda rəfiqələri ilə danışır, yaxud serial izləyir, uşaq isə bir qıraqda qalır. Belə olan zaman uşaq da başını nə iləsə qatmalıdır axı. Məcbur olub uşağı televiziya qarşısında əyləşdirir, yaxud əlinə telefon verir ki, oyun oynasın. Bütün bunların da nəticəsində uşaqda müəyyən fəsadlar ortaya çıxır. Uşağın nitqi zəkası geriləməsə də, psixoloji tərəfdən problemlər ortaya çıxır. Özgüvən əskikliyi, stressə davamsızlıq yaşayır, ünsiyyətdən çəkinir. Ona görə də yaxşı olardı ki, evdə olan, işləməyən valideynlərimiz övladları ilə zaman keçirsinlər. Övladımızın gələcəyini düşünürüksə, onunla zaman keçirməyi bacarmalıyıq. Əslində mən deyərdim ki, ev işlərini görmək bütün günü zəbt etmir, çünki elə valideynlərimiz var ki, bunu etmir. Yaxşı olar ki, valideynlərimiz vaxtları olduqca övladlarına zaman ayırsınlar, birlikdə vaxt keçirsinlər”.
Könül Oruc