Üçcildlik roman-tədqiqatı ilk dəfə olaraq türk dilində nəşr olunub
Bu günlərdə Ulu öndər Heydər Əliyevlə bağlı daha bir möhtəşəm əsər qardaş Türkiyədə işıq üzü görüb. “TEAS Press Yayıncılıq” tərəfindən millət vəkili, Xalq yazıçısı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-tədqiqatı ilk dəfə olaraq türk dilində nəşr olunub. Üç cildliyi türk dilinə tərcümə edən tanınmış yazar Azad Ağaoğludur. Bu hadisə ilə bağlı AzərTAc-ın müxbiri kitabların müəllifi olan Elmira Axundovadan açıqlama verməyini xahiş edib:
- Bilirsiniz ki, 2014-cü ildə mənim “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı yeddicildliyim çox yüksək qiymətləndirilərək Dövlət mükafatına layiq görülmüşdür. Mükafat təqdim edilərkən mən şəxsən hörmətli cənab Prezidentimizə və dövlət nümayəndələrinə demişdim ki, bundan sonra əsas məqsədim kitabları xarici dillərə çevirərək onları dünyaya tanıtmaqdır. Mən yeddicildliyi yenidən işləyərək demək olar ki, üçcildlik təzə əsər yaratmışam. Sonra müxtəlif səfirliklərə, fondlara, tanınmış insanlarımıza üz tutmuşam. Artıq əsər Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın sayəsində işıq üzü görüb, Macarıstanın paytaxtı Budapeşt şəhərində böyük dostum, həmkarım, Azərbaycanın Macarıstandakı səlahiyyətli səfiri Vilayət Quliyev sayəsində macar dilində nəşr edilmişdir. “TEAS Press” Nəşriyyat evi sayəsində ingilis dilində işıq üzü görmüş kitabları isə Londonda Britaniya parlamentində təqdim etmişik. Və indi gördüyünüz kimi yenə də “TEAS Press” Nəşriyyat evi tərəfindən bu kitablar Türkiyədə çox nəfis şəkildə türk dilində çap olunub. Bu hadisə məni artıq dərəcədə sevindirib, çünki dahi Heydər Əliyev haqqında belə geniş formatda, belə dolğun məzmunda kitablar ilk dəfə olaraq qardaş Türkiyədə nəşr edilib. Və inanıram ki, bu kitablar sayəsində, Türkiyə cəmiyyətinin tanınmış simaları Heydər Əliyev kimi dahi siyasətçinin obrazını, fəaliyyətini, müstəqil Azərbaycan uğrunda çoxillik gərgin mübarizəsini, onun əsrarəngiz şəxsi keyfiyyətlərini və bir çox digər maraqlı məqamları dərindən öyrənməyə imkan tapacaqlar.
İstərdim ki, bu kitab Türkiyədə geniş yayılsın. Və inanıram ki, o çox geniş oxucu marağına səbəb olacaq. Çünki Heydər Əliyevi Türkiyədə yaxşı tanıyırlar, Azərbaycan-Türkiyə əbədi dostluğunun təməlini qoyan şəxs kimi onun xatirəsini həmişə uca tuturlar.
Sonda “TEAS Press Yayıncılık” Nəşriyyat evinə və kitabın türk dilli versiyasının nəşrində zəhməti keçən bütün insanlara öz dərin təşəkkürümü bildirirəm, onlara yeni-yeni uğurlar, təzə möhtəşəm layihələr arzulayıram. Ümid etmək itərdim ki, xaricdə yaşayan imkanlı soydaşlarımız, səfirlərimiz, Heydər Əliyev sevərləri bu üçcildliyin başqa xarici dillərdə də çap edilməsinə bizə yardımçı olarlar.