Döşəməni döyməkdənsə, uşağı əzizləyin...

13:15 - 25 Dekabr 2018 - Cəmiyyət

“Dərslərdə olan əksiklik zamanla tamamlana bilsə də, şəxsiyyətdə olan əksikliyin korrektə edilməsi çox çətin olur”

“Səni sevirəm”, “Günün necə keçdi?”, “Zəhmət olmasa”, “Təşəkkür edirəm”, “Əsla vaz keçmə”, “Sən qalib gəldin”, “Bu sənin seçimindir”, “İsraf etmə”, “Həqiqəti söylə”... Bunlar ümumilikdə hər bir uşağın gündəlik olaraq eşitməli olduğu cümlələr siyahısına daxildir. Ümumi olaraq uşaqlara yanaşma mövzusunu araşdıranda bu tipli bir çox cümlələrin olduğunu görərik.
Amma sosial şəbəkədə qarşıma çıxan bu paylaşımdakı kimi halları da az görmürük: “Bayaq dayanacaqda bir xanım ağlayan uşağı ilə elə davranırdı ki, sanki ağlamağının kəsməməsi üçün əlindən gələni edirdi. “Azzar” deyə-deyə uşağı guya sakitləşdirməyə çalışırdı, amma əksinə uşaq daha çox ağlayıb, qışqırırdı...”.

“Nə tökərsən aşına, o da çıxar qaşığına” misalı var. Qazana nə töksən, sonra da qarşına o çıxacaq. Yuxarıda qeyd etdiyimiz 2-3 sözdən ibarət olan xoş cümlələr də əslində, elə onu göstərir ki, uşaqların necə bir fərd kimi yetişməklərində onlarla kiçik yaşlarla necə davranmağın önəmi böyükdür. Uşaqlıq illəri isə isə əsasən, ev, bağça və məktəb arasında keçir. Deməli, əsas rol valideynlərin və müəllimlərin üzərinə düşür. Bu cəhətdən valideynlər və müəllimlər hansı səhvlərə yol verirlər? Hansı məsələlərdə diqqətli olmalıdırlar?

İstəyəcək yeyəcək, istəməyəsə, yox

İlk olaraq həmsöhbətimiz gənc valideyn Şəbnəm Həsənəlizadə oldu. O, deyir ki, əvvəllər övladlarına yanaşmasında müəyyən səhvlərə yol verirmiş: “Mənim də hamı kimi səhvlərim olub. Məsələn, əvvəllər uşaq yıxıldığında onun dəydiyi masanı, ya döşəməni döyməyə başlayardım ki, bəs balamı yıxıldı, onu əzdi. Amma oxuduqca öyrəndim ki, bu, düzgün deyil. Çünki, uşaq bununla öz davranışlarında məsuliyyət daşımamağı, gələcəkdə də hər  bir büdrəyişində ilk özündə yox, başqalarında günah axtarmağı öyrənir. Həmin an, döşəməni döyməkdənsə, uşağı əzizləməli, başqa gündə, başqa vaxtda da bir az ehtiyatla davranmaq haqda söhbətlər eləməliyik.
Digər yanlışım isə qida ilə əlaqədar olub. Məsələn, uşaq yemək istəmir, mən isə qarşısında min hoqqadan çıxaraq onu mütləq yedizdirməyə çalışırdım. Beləliklə də, uşaq öz istədiyini yox, mənim istədiyimi eləyir. Bu isə düzgün deyil. Hətta bir çoxlarımız sırf bu səbəbdən uşaqları texnologiyaya da alışdırır, cizgi filmi aludəçilərinə çeviririk. Bu özü də normasını aşdığında uşağın inkişafına mane olur. Gərək rahat olaq, acanda, xoşlasa, yeyəcək. Yəni, istəyəcək yeyəcək, istəməyəsə yox. 

Qonşunun, qohumun dediyi ilə kifayətlənməməli...

Əvvəllər buraxdığım səhvlərdən biri də uşaq ağladığı zaman onun başını başqa şeylərlə qataraq sakitləşdirməyə çalışmaq, ağlamamasına səy göstərmək idi. Amma öyrəndim ki, əgər uşaq ağlayırsa, o hansısa hissin əlamətidir və bu anda bizim görəcəyimiz iş onun yanında olmaq, onu başa düşdüyümüzü ona göstərməkdir. Mənim iki qızım var və kənardan oğlan analarında müşahidə etdiyim bir şeyi də qeyd edim. Çox vaxt deyirlər ki, “Niyə ağlayırsan, qızsan sən? Kişilər ağlamaz” və s. Amma, bu da çox yalnışdır. Uşaq hisslərini yaşaya bilməlidir”.
Müsahibimiz bildirdi ki, o, səhvlərini oxuyub öyrəndikcə aradan qaldırıb. Deyir ki, bunun üçün bu gün resurs çoxdur, hər valideyn yararlana bilər: “Bu gün kitab mağazalarına girib rəflərə nəzər saldıqda, bizi doğru yönləndirəcək çoxlu sayda kitablara rast gələ bilirik. Tək bu da deyil, elə internetdə də psixoloq-pedoqoqların müəllifliyi elektron olaraq faydalana biləcəyimiz o qədər  vəsaitlər var ki. Məncə, hər bir valideyn qonşunun, qohumun dediyi ilə kifayətlənməməli, nəyin yanlış, nəyin doğru olduğunu mütləq özü oxuyub araşdırmalıdır. Mən özüm də bu mövzuda daim oxuyur, incəliklərlə maraqlanıram ki, maariflənib övladlarımı ziyansız-zədəsiz yetişdirə bilim”.

Şəbnəm xanım deyir ki, valideyn olaraq yeri gəldiyində övladından üzr istəyir, ondan icazə alır: “Bizlər övladımıza seçim haqqı verməli  və seçimlərinə hörmətlə yanaşmalıyıq. Biz onları istər fiziki, istərsə də psixoloji şiddət yox, sevgi, anlayış içində böyütməliyik. Şiddət anı qurtara bilər, bəli, uşaq həmin an ananın əmrlərinə tabe olar, amma valideyn unutmamalıdır ki, bu zaman da uşaq böyük travmalarla yetişər və səhəri gün daha da betər bir davranış sərgiləyər. Övladımın uşaq olduğunu unutmadan onu anlamağa çalışıram”.

Uşağınızı özünün dünəni ilə müqayisə edin

Uşaq psixoloqu Gülnarə Əliyeva bildirdi ki, valideynlərin və müəllimlərin əsas səhvi uşağı başqası ilə müqayisə etməkdir. Çünki bu, uşaqda kin yaranmasına səbəb olur: “Filankəs bacardısa, sən də edə bilərsən”, yaxud “İmtahandan filankəs yaxşı qiymət alıb, sən yox, niyə?”, “Sənə hər şey verirəm, nəyin çatmır?” kimi cümlələrlə uşağa etdiklərimizi onun başına qaxmış oluruq, ondan sanki bacarmasını gözləyirik. Valideynlərlə yanaşı, müəllimlər də dərsdə uşaqları müqayisə etməklə bu yanlışlıqlara yol verirlər. Uşağınızı özünün dünəni ilə müqayisə edin. Heç kimin uşağı ilə müqayisə etmək olmaz. Bu zaman həm valideynə, həm də onu müqayisə etdiyiniz uşağa qarşı kin yaranmış olur”.
Psixoloq deyir ki, məktəb müəllimlərinin uşaqların hamısını eyni gözlə dəyərləndirməsi də doğru yanaşma deyil: “Müəllimlər istəyirlər ki, bütün uşaqlar sakit, təmkinli, səbirli olsun, 45 dəqiqə tərpənmədən müəllimin verdiyi komandalara riayət etsin. Amma qəbul etmək lazımdır ki, bunu hər uşaq bacarmır. Bu gün 5 uşaqdan 3-ü hiperaktivlik və diqqət əskikliyi pozğunluğu rahatsızlığı ilə mübarizə aparır. Və müəllimlər bunu görmürlər. Əslində, həmin uşaqların zəka səviyyəsi normal, hətta normadan üstüdə ola bilir. Amma onlar bir yerdə otura, dərsi diqqətlə dinləyə, fikirlərini tam olaraq müəllimə yönəldə bilmirlər. Buna görə də onların məktəb müvəffəqiyyəti aşağı düşür. Bu, ilk olaraq valideynin uşağını tanımamasından irəli gəlir. İkinci isə müəllimlər üçün rahat, sakit uşaqla işləmək daha komfortludur, hiperaktiv və diqqət əskikliyi olan uşaqlarla işləmək üçün isə daha çox əmək sərf etmək gərəkdir. Müəllim bu əziyyəti çəkmək istəməyəndə o uşaqları gözardı edir. Həmin uşaqlar dərsə fikir verməyən, oxumayan, dərsi saymayan uşaq kimi qələmə verilir və onların gələcəyi məhv olur. Çox istəyərdim ki, müəllimlər bu cür uşaqlarla davranışla bağlı maariflənsinlər. O uşaqları bir yerlərə gətirmək müəllimin  üzərinə düşür”.

Psixoloq qeyd etdi ki, evdə və məktəbdə uşaq heç bir şərtsiz sevildiyini hiss etməlidir: “Belə uşaqlar daha müvəfəqqiyyətli və özünə inamlı olurlar. Uşaqların səviyyələrini normal qiymətləndirmək lazımdır. Bunu əvvəlcə valideyn etməlidir. Uşaqların səviyyəsini, performasını, hansı fənnələrə beyninin daha uyğun olduğunu bilməlidir. Valideynlər dünyaya mükəmməl varlıqlar gətirmək istəyirlər, övladlarının əskikliklərini görməməyə çalışırlar. Bəzən valideynlər “Daha çoxunu bacarır, amma etmir” kimi ifadələrlə uşağın üstünə həddindən artıq məsuliyyət yükləyirlər. Uşaq da bu gözləntini yerinə yetirə bilməyəndə özünü bacarıqsız, ata-ananın sevgisinə layiq ola bilməyən övlad kimi qiymətləndirir.
Uşağın potensialını mövcud olandan aşağı qiymətləndirmək də yaxşı hal deyil. Bu zaman uşaq öz potensialını doğru şəkildə istifadə edə bilmir. Çünki özünü düzgün qiymətləndirmir”.

Sevgi olmayan heç bir işin müsbət nəticəsi ola bilməz

Təhsil üzrə psixoloq Hüseyn Həsənov deyir ki, müəllimin işi heç bir dövrdə sadəcə məlumat ötürmək olmadığı kimi indiki də elə deyil. Hətta dövrümüzdə müəllimin məlumat ötürücü tərəfinə olan ehtiyac daha da azalıb. Amma şəxsiyyət yetirmə tərəfinə tələb getdikcə daha da artır: “Artıq məlumatın alına biləcəyi internet kimi bir mənbə olduğu üçün istənilən informasiyaya oradan çatmaq olar və bu hardasa müəllimin öyrədici tərəfini əvəzləyə bilir. Ancaq müəllimin, pedaqoqun bir yönü daha var ki, ona hər dövrdə ehtiyac olub. Məlumat ötürücü tərəfinə tərs mütənasib olaraq müəllimin bu yönünə günümüz etibarıyla daha da çox ehtiyac vardır və o da müəllimin şəxsiyyət yetişdirmə yönüdür. Müəllim bunu davamlı nəzərdə saxlamalı və şagirdlərə baxarkən hər birini bir şəxsiyyət kimi görməli, onları gələcəyin şəxsiyyəti olaraq yetişdirdiyini bir an belə unutmamalıdır. Dərslərdə olan əksiklik zamanla tamamlana bilsə də, şəxsiyyətdə olan əksikliyin korrektə edilməsi çox çətin olur, hətda bəzən imkansız belə ola bilir”.

H.Həsənovun sözlərinə görə, daha çox, nəsil fərqi olduğu üçün bəzi müəllimlərin ən çox etdikləri səhv aradakı nəsil fərqini və bundan doğan bütün fərqlilikləri qəbul edə bilməmələridir: “Davamlı olaraq öz dövrləriylə, özləriylə, əvvəlki şagirdləriylə qarşılaşdırmaları həm həqiqəti qəbul etmə yönüylə özlərinə maneə törədir, həm də şagirdlərin şəxsiyyətinə toxunmuş olur. Digər bir səhv şagirdlərin potensialını kəşfetməyə çalışmamaqdır. Bu bir yana, potensialını, fərqli yönlərini göstərməyə çalışan şagirdlərin daha da parlaq ola biləcək qabiliyyətlərini önəmsəməmələri, hətta bəzən istehzayla yanaşmaları halları da var”.

Təhsil psixoloqu qeyd etdi ki, tərkibində sevgi olmayan heç bir işin müsbət nəticəsi ola bilməz: “Təhsil prosesi uzun və hardasa yorucu olan fəaliyyətdir, müəllimlərin davranışları, şagirdlərlə olan dialoqu bu prosesi müəyyən qədər əyləncəli, sevimli və faydalı hala gətirə bilər. Şagirdlər əvvəlcə müəllimi sevir daha sonra onun tədris etdiyi fənni. Yəni, deyə bilərik ki, müəllimlərin davranışları şagirdlərin təhsilə olan marağına və qavramasına birbaşa təsir edir”.

Könül ƏHMƏDOVA

 

Xəbər xətti