Sabirabadda epizootik tədbirlər yerinə yetirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Sabirabad Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar 120 min baş iribuynuzlu heyvan, 220 min baş xırdabuynuzlu heyvan,1.5 milyon baş quş və digər heyvanlar yetişdirilən, saxlanılan binaların, eləcə də rayonda mövcud olan həftəlik diri heyvan satışı bazarının dezinfeksiyası, dezinseksiyası davam etdirilir. 2018-ci il ərzində idarə 21 sahə baytarlıq məntəqəsi vasitəsi ilə fərdi və fermer təsərrüfatlarına məxsus 487 obyektin 18500 kvadratmetr ərazisində profilaktiki dezinfeksiya, 187 obyektin isə 11000 kvadratmetr ərazisində məcburi dezinfeksiya işləri aparıb.
Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Ümumiyyətlə, heyvan saxlanılan binalar, ətraf ərazilər, eləcə də diri heyvan satışı bazarı aparılan tədbirlər zamanı almerdeheyde, ektosan, kreolin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.
Qışlamaya hazırlıq ilə əlaqədar rayonun heyvandarlıq təsərrüfatlarında baytarlıq baxışı keçirilərək mütəmadi fermerlər arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri aparılır. Eləcə də baytarlıq idarəsində vətəndaşların şikayət, ərizə və təklifləri barədə ayrıca kitab tərtib edilib, gündəlik qəbul edilən məlumatlar aidiyyətı üzrə baytarlıq idarəsinin mütəxəssisləri və sahə baytarlıq məntəqə həkimləri tərəfindən yerindəcə araşdırılaraq zəruri tədbirlər görülür.
“Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.
Sabirabad Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən mövcud dövr ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 26017 baş iribuynuzlu və 4793 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib.
Həmçinin cari ilin ötən dövrü ərzində iribuynuzlu, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, infeksion nodulyar dermatit, leptospiroz, çiçək, bruselyoz, quduzluq, ev quşları arasında nyukasl xəstəliklərinə qarşı “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Hazırda Sabirabad Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib. Nazirliyin Təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir” rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.