Bu il Azərbaycanda yaradılan yeni iş yerlərinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənən üçüncü Dövlət Proqramının icrasını əhatə edən və 2014-cü ilin yanvarın 1-dən 2018-ci ilin iyulun 1-dək olan dövr ərzində ümumilikdə 843,5 min olmaqla 595,1 min daimi iş yerləri yaradılıb.
2018-ci ilin birinci yarımili ərzində ölkədə 122,3 min yeni, o cümlədən 64,7 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 44,2 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 25,0 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 73,9 faizi regionların, o cümlədən 40,8 faizi Aran, 8,5 faizi Gəncə-Qazax, 6,8 faizi Lənkəran, 4,7 faizi Yuxarı Qarabağ, 4,5 faizi Abşeron, 3,1 faizi Şəki-Zaqatala, 2,7 faizi Dağlıq Şirvan, 2,6 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
Daimi iş yerlərinin 8,6 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 34,3 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 56,7 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.
Məlumata görə, hüquqi şəxslər tərəfindən yaradılan daimi iş yerlərinin 17,8 faizi tikinti, 17,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 16,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 10,9 faizi emal sənayesi, 9,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,6 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,8 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, 2018-ci ilin birinci yarımili ərzində ölkədə 22,6 min iş yeri bağlanıb. Bu dövrdə bağlanan iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 74,0 faizi fərdi sahibkarlıq subyektlərinin, 5,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 20,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.