Qəyyumluqda olan azyaşlı 14 yaşına çatdıqda onun üzərində qəyyumluğa xitam verilir

18:06 - 13 Avqust 2018 - KİVDF

Qəyyum vəzifələrini həyata keçirmiş fiziki şəxs isə bu barədə əlavə qərar çıxarılmadan yetkinlik yaşına çatmayanın himayəçisinə çevrilir

Cavid İmamoğlu: “Hər bir qəyyum ailəyə mütəmadi səfərlər olmalı, görüşlər keçirilməli, qiymətləndirmələr aparılmalı və vəziyyət təhlil olunmalıdır”

“Qəyyumluqda olan yetkinlik yaşına çatmayan şəxs 18 yaşına çatdığı, habelə nikaha girdiyi və yetkinlik yaşına çatanadək tam fəaliyyət qabiliyyəti əldə etdiyi digər hallarda yetkinlik yaşına çatmayan üzərində himayəçiliyə hər hansı əlavə qərar çıxarılmadan xitam verilir”.
Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyulur. Bu baxımdan qəyyumluqda (himayədə) olan uşaqların hüquqları da daima qorunur.
Ailə Məcəlləsinin 139-cu maddəsilə isə qəyyumluqda (himayədə) olan uşaqların hüquqları tənzimlənir.  Bildiriir ki,  Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar, aşağıdakı hüquqlara malikdirlər: qəyyumun (himayəçinin) ailəsində tərbiyə almaq, onlardan qayğı almaq, qəyyum (himayəçi) ilə birlikdə yaşamaq;. onların saxlanması, tərbiyəsi, təhsili, hərtərəfli inkişafı və insan ləyaqətinə hörmət edilməsi üçün şəraitlə təmin olunmaq; onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq; yaşadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə etmək hüququnu saxlamaq, ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil almaq; bu Məcəllənin 51-ci maddəsinə (Uşağın müdafiə hüququ) uyğun qəyyumun (himayəçinin) sui-istifadə hərəkətlərindən müdafiə olunmaq; bu Məcəllənin 50-ci (Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ) və 52-ci maddələri (Uşağın öz fikrini bildirmək hüququ)ilə nəzərdə tutulmuş hüquqlardan istifadə etmək.

“Qanunvericiliyə görə qəyyumluq və himayəçilik vəzifələri, qanunla nəzərdə tutulmuş bəzi hallar istisna olmaqla əvəzsiz icra edilir və yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri əsasən öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Özlərinin qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və müalicəsinin təmin edilməsi, təhsil alması və tərbiyələnməsi, qayğısına qalınması, onların hüquq və mənafelərinin lazımınca qorunması qəyyum və himayəçilərin qanuni borclarıdır”. Bunu hüquqşünas Xəyal Bəşirov deyib.
Hüquqşünas qeyd edib ki, qəyyumluqda və himayədə olan şəxslərin əmlakı və gəlirləri ilə bağlı məsələlər də qanunla müəyyən olunmuş qaydada tənzimlənir. Məsələn, Mülki Məcəllənin 36-cı maddəsilə qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi tənzimlənir. Bildirilir ki, qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. “Eyni zamanda qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz,  himayədə olanın himayəçisi isə bu cür əqdlərin bağlanmasına razılıq verə bilməz”- hüquqşünas deyib.

X.Bəşirov əlavə edib ki, qəyyumluqda və ya himayədə olan uşaqların övladlığa götürülməsi üçün qəyyumların və himayəçilərin yazılı razılığı olmalıdır: “Yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya övladlığa götürüldükdə, habelə qəyyumluqda olan müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisəsinə və ya digər oxşar müəssisəyə yerləşdirildikdə qəyyumluq və himayəçilik orqanı bundan əvvəl təyin edilmiş qəyyumu və ya himayəçini, əgər bu, qəyyumluqda olanın mənafelərinə zidd deyilsə, öz vəzifələrinin icrasından azad edir. Eyni zamanda da xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla qəyyum arasında qarşılıqlı anlaşmanın pozulması kimi üzrlü səbəblər olduqda qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər”.

Mülki Məcəllənin 37-ci maddəsilə qəyyumluqda və ya himayədə olanın əmlakının etibarnamə ilə idarə edilməsi tənzimlənir. Qeyd edilir ki, qəyyumluqda və ya himayədə olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqavilə bağlayır. Bu halda qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın etibarnamə ilə idarəetməyə verilməmiş əmlakı barəsində öz səlahiyyətlərini saxlayır. Qəyyumluqda və ya himayədə olanın əmlakının etibarnamə ilə idarə edilməsi səlahiyyətlərini həyata keçirərkən idarəçiyə bu Məcəllənin 36.2 ( Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir). və 36.3-cü maddələrində (Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər) nəzərdə tutulan qaydalar tətbiq edilir.

Qəyyumluqda və ya himayədə olanın əmlakının etibarnamə ilə idarə edilməsinə əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqaviləyə xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar üzrə, habelə qəyyumluğa və ya himayəçiliyə xitam verildiyi hallarda xitam verilir.

Hüquqşünas deyir ki, Mülkü Məcəlləyə əsasən, qəyyumluqda olan azyaşlı 14 yaşına çatdıqda onun üzərində qəyyumluğa xitam verilir, qəyyum vəzifələrini həyata keçirmiş fiziki şəxs isə yetkinlik yaşına çatmayanın himayəçisinə çevrilir: “Qəyyumluqda olan yetkinlik yaşına çatmayan şəxs 18 yaşına çatdığı, habelə nikaha girdiyi və yetkinlik yaşına çatanadək tam fəaliyyət qabiliyyəti əldə etdiyi digər hallarda yetkinlik yaşına çatmayan üzərində himayəçiliyə hər hansı əlavə qərar çıxarılmadan xitam verilir”.
X.Bəşirov bildirdi ki, qəyyumluğa götürmə uşağın yaşayış yeri üzrə aparılır: “Yəni, xaricdə yaşayan azərbaycanlı Azərbaycandan olan uşağı qəyyumluğa deyil, övladlığa götürə bilər. Buna nəzarət Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsi tərəfindən həyata keçirilir. Lakin Azərbaycan Respublikasının burada yaşayan vətəndaşları tərəfindən övladlığa götürülməsinə isə rayon-şəhər icra hakimiyyəti qəyyumluq və himayəçilik orqanları nəzarət edir”. 

Sosioloq Cavid İmamoğlu bildirdi ki, uşaqların qəyyumluğa götürülməsi praktikasından dünyada geniş istifadə olunur. Bu bir uşağın ailə mühitində böyüməsi deməkdir: “Qəyyumluğa götürülən uşaqların müdafiə olunması və onlara nəzarət həyata keçirilməlidir. Azərbaycanda icra hakimiyyətlərinin nəzdində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya var. Əgər burada yanaşma dəyişərsə, tutaq ki, sosial işin yanaşması tətbiq edilərsə, hər bir uşağa fərdi yanaşma olarsa, onların ehtiyacları nəzərə alınarsa, uşağın inkişafına töhfə verəcək mühit nəzərə alınarsa, o uşaqların həyatı və inkişafı üçün heç bir təhlükə olmaz. Əgər nəzarətdən qalarsa, məsələn, uşağın həyatı üçün olan təhlükələr, valideynlərin uşaqları ilə ünsiyyəti və s. bu kimi faktorlar nəzərə alınmazsa, təbii ki, uşaqlar qəyyumluq dövründə zorakılığa məruz qala, inkişafdan da qala bilərlər. Yəni, bir növ qəyyumlar uşaqlardan istifadə edə bilərlər. Ona görə də burada uşaq müdafiəsi yanaşması ortaya qoyulmalı, hər bir qəyyum ailəyə mütəmadi səfərlər olmalı, görüşlər keçirilməli, qiymətləndirmələr aparılmalı, vəziyyət təhlil olunmalıdır”.

Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirdi ki, ölkəmizdə qəyyumluğa və himayəyə götürmə Ailə Məcəlləsi, Mülkü Prosessual Məcəllə və buna bərabər digər normativ hüquqi aktlarla tənzimlənir: “Qəyyumluq 14 yaşa qədər, himayəçilik isə 14-18 yaşa qədər fəaliyyət qabiliyyətli, yaxud tam fəaliyyət qabiliyyəti olmayan uşaqlar üzərində təyin edilir. Bunun məqsədi həmin şəxslərin hüquq və mənafelərini qorumaq və müdafiə etməkdir. Qəyyumluq məsələlərinə bilvasitə nəzarəti yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanları edir. Yəni, qəyyum olan şəxslər qəyyumluğunda olan insanlara hansı formada nəzarət edirlər, onların qayğısına necə qalırlar? və s. öhdəliklərə nəzarət edirlər”. 

S.Məmmədov dedi ki, qəyyum və himayəçinin öhdəliyində hər hansı bir problem aşkarlanarsa, bu zaman qəyyum və himayəçilik orqanı prokurorluğa müraciət edə bilər: “Əgər qəyyum təyin edilmiş şəxs məqsədli şəkildə qəyyumluğa götürdüyü şəxsin əmlakından istifadə edirsə, onun qayğısına qalmır və ona hər hansı bir zərər yetirirsə, vəzifələrini icra etmirsə qəyyumluğun ləğvi ilə bağlı məhkəməyə müraciət oluna bilər”. 
S.Məmmədov əlavə etdi ki, xarici dövlətdən də qəyyumluğa və himayəyə götürmə ilə bağlı müraciətlər olur: “Azərbaycanla hər hansı bir MDB ölkələri arasında qəyyumluqla bağlı məsələ qaldırılırsa, qəyyumluğa və himayəyə götürülən şəxsin yaşadığı yerin qəyyumluq və himayə orqanı ilə qəyyum təyin edilən şəxsin yaşadığı ölkədənin idarəsi arasında bağlanılır”. 

Xəbər xətti