Avqustun ilk əmlak hərracı keçirildi

12:02 - 7 Avqust 2018 - Xəbər

 Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün növbəti hərrac keçirib.

ƏMDK-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, ümumi faydalı sahəsi 236 kv.m olan Biləsuvar rayonunda yerləşən Bağbanlar kənd Mədəniyyət evi torpaq sahəsi ilə birgə özəlləşdirildi. İştirakçı bu dövlət əmlakı üçün 15 min manat ödədi. Hərracda özəlləşdirilən daha bir daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən qeyri-yaşayış sahəsidir. Xidmət obyekti kimi istifadəyə imkan verəcək bu obyektin ümumi faydalı sahəsi 47.8 kv.m, investor tərəfindən ödənilən qiyməti isə 15 min manat oldu. 

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac avqustun 14-də reallaşacaq. Bu dəfə hərraca sərmayəçilər üçün yeni biznes imkanları yarada biləcək 192 dövlət əmlakı çıxarılıb. Bunlardan 19-u səhmdar cəmiyyəti, 97-si kiçik dövlət müəssisə və obyekti, 60-ı qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsidir. Fəaliyyət istiqamətlərinin, ərazi, ümumi faydalı sahə və qiymət kateqoriyalarının müxtəlif olması investorlara dövlət əmlakları üzrə geniş seçim imkanı vəd edir. 
Elektron hərracda iştirak etmək istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil olaraq müvafiq bölməni seçir. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi ödəyir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalana qədər bitməlidir.

Hərraclar barədə məlumatlandırma komitənin rəsmi saytı, Özəlləşdirmə portalı, eləcə də “facebook” sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə aparılır.

Xəbər xətti