Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar fəaliyyəti itkin düşmüş şəxslərin və mina qurbanlarının ailələri, cəbhəyanı ərazilərdə yaşayanlar və digər həssas qruplarla bağlı sosial əhəmiyyətli və reabilitasiya yönümlü layihələri də əhatə edir. Bu sahələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə təşkilat arasında fəal əməkdaşlıq üçün imkanlar mövcuddur.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə Komitənin Azərbaycan nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə keçirilən görüşdə vurğulayıb. Görüşdə BQXK-nın müdafiə işləri üzrə koordinatoru Bjoern Oliver Rahm da iştirak edib.
Nazir ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası, həmin döyüşlərdə şəhid olmuş insanların, itkin düşmüş şəxslərin ailələrinin sosial təminatı sahəsində aparılan işləri qeyd edib. S.Babayev BQXK-nin humanitar fəaliyyətində sosial yardım proqramlarının, reabilitasiya məqsədli layihələrin icrasının də mühüm istiqamətlərdən olduğunu, bu sahələrdə nazirlik ilə Komitə arasında geniş əməkdaşlıq müstəvisinin qurulmasının məqsədəuyğun ola biləcəyini deyib.
Görüşdə mina partlayışı qurbanlarının və itkin düşmüş şəxslərin ailələri, mina partlayışından zərər çəkmiş şəxslər və cəbhəyanı ərazilərdə yaşayanlarla bağlı sosial proqramların, müxtəlif reabilitasiya məqsədli layihələrin icrası, protez-ortopedik məmulatlarla təminat sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.