İnzibati Xətalar Məcəlləsində dəyişikliklər piyadaların cəriməsinin artırılması, nəqliyyat vasitələrinin texniki baxışın keçirilməsinin müddəti ilə bağlıdır
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişiklik piyadaların cəriməsinin artırılması, nəqliyyat vasitələrinin texniki baxışın keçirilməsinin müddəti ilə bağlıdır. Belə ki, məcəllənin 338-ci (Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsinin 2-ci bəndinə əsasən, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat məbləğində cərimə edilir.
Maddəyə edilən əlavədə qeyd olunur ki, hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə 40 manat məbləğində cərimə ediləcək.
Bu maddənin 3-cü bəndində dəyişiklik olmasa da, müəyyən qayda pozuntusuna görə cərimə nəzərdə tutulur. Bu bənddə isə qeyd olunub ki, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir. Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə isə qırx manat məbləğində cərimə edilir (338.4.7). Digər dəyişiklik isə 339-cu (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə edilib. Maddənin “Qeyd” hissəsində edilən dəyişikliyə əsasən, şəxs nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. İndiyədək bu müddət 10 gün idi.
Bu maddənin 1-ci bəndində bildirilir ki, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görəfiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində, 2-ci bəndə əsasən isə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, yaxud texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən inzibati cəza tədbiri ilə bağlı məlumatlar elektron portala daha qısa müddətdə yerləşdiriləcək. Belə ki, bundan sonra inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə tərtib edilən elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) 1 gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Qeyd edək ki, dəyişiklərdən əvvəl məlumatların istifadəçinin elektron kabinetində yerləşdirilməsi müddəti 1 ay müəyyən edilmişdi.
Bundan başqa sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu da artırılıb.bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən 18.65.5.1-ci maddədə “18” rəqəmi “25” rəqəmi ilə əvəz edilib. Bununla da sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 18 manatdan 25 manata qaldırılıb.
Qeydiyyat şəhadətnaməsinin verilməsi (18.65.7-ci maddə) üçün isə dövlət rüsumu hazırkı 17 manatdan 25 manata qaldırılıb. Söhbət avto-moto nəqliyyat vasitələrindən gedir.
Qanunun 1-ci maddəsində dövlət rusumuna aydınlıq gətirilib. Bildirilib ki, dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Heç bir hüquqi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla) və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.
Bundan başqa, Azərbaycanda avtomobil nömrələri yeni qayda ilə satılacaq. Bu barədə yol üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov məlumat yayıb. Ərşad Hüseynov qeyd edib ki, yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları (nömrələri) artıq hərrac yolu ilə satılacaq: “Bildiyiniz kimi, 001, ..., 100, ..., 111, .... rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulur. "Dövlət rüsumu haqqında" Qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə Prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Belə güman etmək olar ki, təkcə göstərdiyim üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satılacaq”.
Həmçinin hüquqşunas bildirib ki, adi nömrələr üçün nəzərdə tutlan 22 manat rüsum artıq 35 manat olacaq: “Qanun bu gün dərc edilsə də, hələ tətbiq edilə bilməyəcək, çünki yeniliklərin tətbiqi üçün həm "Yol hərəkəti haqqında" Qanuna da dəyişiklik edilməlidir, həm də qeyd etdiyim hərrac qaydaları hazırlanaraq Prezident fərmanı ilə təsdiqlənməlidir”.
Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunun 20-ci maddəsi də maraq doğurur. Bu maddədə hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmaları tənzimlənir. Maddədə bildirilir ki, dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.Bundan başqa dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verili,hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. Bu maddənin 2-ci bəndi vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsini tənzimləyir. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə dövlət rusumunun məbləği 500 manatdır.