Elgün Mənsimov: “Rəhbərliyin “işlə mənim üçün, öyrən özün üçün” prinsipinə uymaq lazımdır”
“O Xəyalə ki, zamanında mənim həmin köşələrimə, hekayələrimə gülürdü”
Artıq bütün dünyada jurnalistikanın dördüncü hakimiyyət olduğu qəbul olunub. Bu hakimiyyət əvvəlki üç hakimiyyətdən seçki yolu ilə formalaşmamağı ilə seçilir və həyatımızın müxtəlif sahələrinə müdaxilə etmək səlahiyyətləri var. Heç də təsadüfi deyil ki, “Prezident dörd və ya yeddi il, jurnalist isə ömürlük hakimiyyətdədir” fikri aforizmə çevrilib.
Ölkədə söz və mətbuat azadlığına nə qədər çox şərait yaradılarsa, onun hüquqları, sözün məsuliyyəti və çəkisi də artar. Amma, bəzən bu məsuliyyət unudulur, arxa plana keçir, sensasiya xətrinə insanların informasiya tələbatını yalan, qərəzli, mənbəyi məlum olmayan məlumatlarla ödəməyə çalışan jurnalistlərə inamdan danışmaq mümkün deyil. Bizə ərməğan olunan jurnalistikanın bugününün əsas daşıyıcısı isə gənclərdir. Gənc və işinin məsuliyyətlə görməyə çalışan AzNews.az saytının əməkdaşı Elgün Mənsimovla bu barədə söhbət etdik.
Müsahibimiz müxtəlif Beynəlxalq Jurnalistlər Federasiyasının, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Parlament müxbiri kimi fəaliyyət göstərən Elgün Mənsimov, həmçinin, bir neçə araşdırma, məqalə, reportaj hekayə, oçerk və esselərin müəllifidir. O, mətbuat orqanlarında əvvəlcə sosial, daha sonra isə siyasət müxbiri olaraq çalışıb. Deyir ki, oxuculara ünvanladığı informasiyanın zərərini dərk etməyən bəzi jurnalistlər cəmiyyət qarşısında məsuliyyətlərini dərk etsələr, bir çox problemlərin həllinə nail olmaq olar.
- Elgün bəy, sizi jurnalistikaya gətirən səbəb nə oldu?
- Yeganə amalım Bakı Dövlət Universitetinin tələbəsi olmaq idi. Bu istəyin haradan qaynaqlandığını isə bilmirdim. Hiss etdiyim tək şey BDU-nun digər universitetlərdən üstdə olması idi. Ona görə də imtahan verdikdən, uyğun bal topladıqdan sonra seçdiyim ixtisasları BDU-ya görə tənzimlədim. Humanitar sahəyə meyilli olduğumdan burada mənim üçün iki fakültə prioritet idi. Ya Jurnalistika, ya da Tarix. Müqayisədə Jurnalistikanı seçdim. Beləcə, jurnalistikaya gəlişimin ilk səbəbkarı BDU oldu.
Sonradan bu sahəyə bağlanmağıma səbəb isə tələbəliklə yanaşı, işləməyim idi. 1-ci kursdan etibarən “525-ci qəzetlə qeyri-rəsmi əməkdaşlıq etdim. 2-ci kursda isə “Kaspi” qəzetində yazlarım çıxmağa başladı. Pulsuz-parasız, heç bir qarşılıq gözləmədən həftədə bir neçə yazı yazırdım. Adımın, yazımın qəzet səhifəsində olmasının sevinci kifayət idi ki, jurnalistikaya bağlanım. Bu minvalla, düz 9 ay qəzetlə əməkdaşlıq etdim və nəhayət 3-cü kursun tələbəsi ola-ola, mən “Kaspi” qəzetin rəsmi əməkdaşı oldum. Artıq maaş alırdım, hər gün işə gəlib-gedirdim. Təbii ki, əməyimin bəhrəsini gördükcə jurnalistikanı daha da sevməyə başlamışdım...
- Tərtərdə doğulub, orada təhsil almısınız. Müharibə zonasında yaşamaq və cəbhə xəttində təhsil almağın çətinlikləri nələr idi?
- Bəli, mən doğulanda Tərtər hələ müharibə zonası deyildi. Nə yazıq ki, sonrakı illərdə Dağlıq Qarabağ və ətraf rayonlar işğal edildi. Azğın düşmənə sipər olan Tərtərin ağrı-acılı, məşəqqətli günləri də məhz bundan sonra başladı. 1994-cü ilin mayında atəşkəs elan olunmasına baxmayaraq, atışma, güllə səsləri bitmirdi. Aclıq, səfalət bir yandan, müharibə də digər yandan. Buna rəğmən, rayonumuzu, kəndimizi heç bir sakin tərk eləmədi. Əli silah tutanlar ön cəbhədə, əli çörək tutanlar isə arxa cəbhədə mücadilə etdilər.
Məhz belə bir şəraitdə - 1994-cü ilin sentyabrında Azər Məmmədov adına Dəmirçilər kənd orta məktəbinin 1-ci sinfinə getmişəm. Güclə xatırlayıram, həmin gün parta arxasında oturanda ayağımda böyük qardaşımdan qalma burnudeşik krasovka, əynimdə də yenə qardaşımdan qalma nimdaş “sportivni” vardı. Corablarımız, dizlərimiz isə daim yamaqlı olardı. Başqa cür mümkün də deyildi. Məktəbimizdə isə 10 sinif otağı vardısa, onun 5-nə qaçqınlar, məcburi köçkünlər yığışmışdı. Şükürlər olsun ki, zaman keçdikcə ara sakitləşdi, hər şey yavaş-yavaş düzəlməyə başladı. Artıq insanlarımızda da qorxu hissi yox olmuşdu. Bununla belə, hər gecə, bəzən də gündüzlər atışma olurdu. Buna baxmayaraq valideynlərimiz dərslərimizin axsamasına imkan vermirdi. Bizim üçün qorxudan çox əyləncəyə çevrilən güllə səsləri də kitaba olan marağımızı almamışdı. Təsadüfi deyil ki, 3-cü sinifdən 11-ci sinfə qədər sinif əlaçısı (“sinifqom” deyirdik) olmuşam.
- Sizcə bir jurnalistin yetişməsi üçün əsas meyar nədir?
- Yaxşı jurnalist yetişdirmək istəyiriksə, ilk növbədə yaxşı mühit yaratmalıyıq. Bunun üçün universitetlərdəki təhsillə paralel, təcrübə üçün də imkan yaradılmalıdır. Bütün media vasitələri bunda maraqlı olmalıdırlar. Universitet qapı-qapı düşüb media orqanlarına deməməlidir ki, “Siz Allah, qoy bu 3 tələbəmiz 5-10 gün gəlib-getsin”. Əksinə, bu orqanlar özləri universitetin qapısını döyməli və tələbələrin içərisindən “praktikant”lar seçməlidirlər. İş prosesində onlara həvəsləndirici qonorarlar da yazılmalıdır. Bax, nə zamansa bunun şahidi olsaq, bilin ki, o zaman Azərbaycanda yaxşı gənc jurnalistlər yetişir. Təbii ki, söhbət ilkin mərhələdən gedir. Sonrakı mərhələlərdə onsuz da bu sahəyə bağlı olanlar özləri özlərini yetişdirirlər. İlk növbədə, jurnalistin özünün yaradıcı qabiliyyəti, təkmilləşmək, inkişaf etmək istəyi olmasa, istər beş universitet bitirsin, on beş də iş yeri dəyişsin, xeyri olmayacaq.
- Başqa ixtisası bitirən və jurnalistikada çalışan həmkarlarınıza qarşı böyük qısqanclıq hissinizin olduğunu görürük...
- Elədir (gülür). Görünür, bu, ixtisas təəssübkeşliyindən irəli gəlir. Amma elə başa düşülməsin ki, ixtisasca jurnalist olmayan qələm sahiblərini jurnalist hesab etmirəm. Ona qalsa, təkcə bizim qrupda 25 nəfərdən 22-si bu gün jurnalistikada deyil. Diplom xətrinə TQDK-nı, Təhsil Nazirliyini əziyyətə salanlardır. Eyni zamanda, jurnalistika təhsili olmayan bir çox peşəkar jurnalist var ki, yazılarını sevə-sevə oxuyuram. Bu zaman təkrarən sual verə bilərsiniz ki, bəs bu qısqanclıq nədəndir? Baxın, bu gün jurnalistikada əsasən qeyri-peşəkarlar, qeyri-ixtisaslılar “at oynadır”. Hətta bunlar “reket jurnalistikası” deyilən bir terminin yaranmasına vəsilə olublar. Bir çox media qurumlarının rəhbər və ya redaktor heyətinin nəinki jurnalist təhsili, heç jurnalist təcrübəsi də yoxdur. Sual edilir, bəs bütün bunlar necə mümkün olur? Deməli, jurnalist təhsilinin mərkəzində etika dayanır. Bugünədək kimsə eşidibmi BDU-nun Jurnalistika fakültəsini bitirən hansısa jurnalist haradasa “reketlik” və ya dələduzluq etsin?! Deməyim odur ki, jurnalist təhsilinə, diplomuna yiyələnmiş şəxslər qeyri-peşəkar, hətta savadsız ola bilərlər, amma onlarda mütləq etika və mədəniyyət olur. Elə bu səbəbdən də heç vaxt vəzifə, pul arxasınca deyil, yaxşı yazı, yaxşı ad arxasınca qaçırlar. Mənim qeyri-ixtisaslı jurnalistlərə qarşı qısqanclığım da məhz bu etika çərçivəsindədir. Yaradıcı potensialı ilə etikası üst-üstə düşən qeyri-ixtisaslı jurnalistlər isə jurnalistikamız üçün elə ixtisaslı jurnalistlər qədər dəyərlidir.
- Həyat yoldaşınız da jurnalistdir. Maraqlıdır, iki jurnalist evli olarsa, ailə necə idarə edilər? Ümumiyyətlə, iki qoçun başı bir qazanda qaynaya bilirmi?
- Əsas odur ki, qazan qaynasın. Yekunda içərisində olanlar bişməyə məhkumdur. Biz də qaynaya-qaynaya bişirik. Həyat yoldaşının jurnalist olmasının pis tərəfi budur ki, bəhanələrin heç biri artıq işləmir. Bəzi məsələlərlə bağlı ya gərək susasan, ya da düzünü danışasan... (gülür).
- Evdə hansınızın sözü keçir?
- Ataxaqanlığa sayğı duymağa, Anaxaqanlığa hörmət etməyə çalışırıq. Belə bir deyim var – hər güclü kişinin arxasında güclü bir qadın dayanır. Qadın zəifdirsə, kişi güclü ola bilməz. Bu səbəbdən mən də hər zaman çalışıram ki, xanımım zəif olmasın, hadisələrin önündə dayansın. Yeri gələndə mənə doğru yol göstərsin, düzgün məsləhət verə bilsin.
- Əkiz övladlarınız var, onların gündəlik qayğısı ilə kim məşğul olur? Əkizləri böyütməyin çətinlikləri nələrdir?
- Əkiz övladlarımızın olması Allahın bizə lütfüdür. İşdən nə qədər yorğun gəlsən, əsəbi olsan da onlarla onca dəqiqə oynamaq bütün şeyləri unutdurur. Əlbəttə, indiki zamanda uşaq böyütmək çox çətindir. Şükür ki, əsas çətinlikləri arxada qoymuşuq. Amma hər şeydən, hər oyuncaqdan iki ədəd almaq kimi bir öhdəliyim var. Əks halda “müharibə” qaçılmazdır (gülür). Onların yeməkləri, çimməkləri, geyinməkləri ilə anası, bir də bağçadakı dayələr məşğuldur. Mən isə bacardığım qədər uşaqları əyləndirməyə, parkda gəzdirməyə çalışıram.
- Sizcə jurnalist sosial şəbəkədə nə qədər aktiv olmalıdır və yazılan şərhlərdə öz mövqeyini ortaya qoymalıdırmı?
- Heç bir jurnalistin sosial şəbəkədə olmaq kimi bir öhdəliyi yoxdur. Lakin dövrün tələblərini nəzərə alan hər bir jurnalist çalışdığı media qurumu ilə yanaşı, sosial şəbəkələrdə də aktiv olmalıdır. Əks təqdirdə günün trendi ilə ayaqlaşmaq çətin olar. Qələmi olan jurnalist, təkcə şərhlər deyil, zamanla özü də statuslar paylaşmaqla hər hansı bir məsələ barədə fikir yürütməlidir. Çünki cəmiyyət sıradan biri ilə müqayisədə daha çox jurnalistin sözünə inanır və güvənir.
- Bu gün gənc jurnalistlərə meydan verilirmi?
- Burada əsas problem meydanda deyil, meydanda olmaq istəyəndədir. Əvvəlcə, gənc jurnalist qələmi ilə, qabiliyyəti ilə özü bu meydana atılmalıdır, gözləməməlidir ki, o saat onu işə götürsünlər. Bir müddət qonorarsız, maaşsız işləməlidir. Yəni rəhbərliyin “işlə mənim üçün, öyrən özün üçün” prinsipinə uymaq lazımdır.
- Müxtəlif mətbu orqanlarda “525”, “Kaspi” və “Azərbaycan” qəzetlərində çalışmısınız, hazırda isə saytda işləyirsiniz. Hansının yükü və məsuliyyəti daha ağırdır?
- Mənə görə, jurnalist məsuliyyəti çalışdığı yerə görə artıb və ya azalmır. Məsələn, istər kənddə, istərsə də şəhərdə toplum arasında söyüş söysən, yığışıb səni döyərlər. Məkanın kənd və ya şəhər olmasının elə də önəmi olmayacaq. Ona görə də jurnalist, çalışdığı yerdən asılı olmayaraq həmişə öz məsuliyyətini hiss etməli, yüz ölçüb bir biçməlidir. Ümumilikdə isə qəzet işi mənim üçün daha ağır və daha ciddidir. Qəzetdə çalışmaq ayrıca bir məktəbdir. Bu media vasitəsi jurnalisti jurnalistikanın bütün janrlarında işləməyə və təkmilləşməyə məcbur edir.
- Əvvəllər hekayələr, şeirlər, köşələr yazırdınız. İndi niyə yazmırsınız?
- Əkizlərin anası Xəyalə Rəis də evdə hər dəfə məni töhmətləyir ki, niyə əvvəlki kimi köşə, hekayə yazmırsan?! O Xəyalə ki, zamanında mənim həmin köşələrimə, hekayələrimə gülürdü... (gülür).
Könül Əhmədova