Ramil Usubov Göyçayda növbəti qəbul keçirib
13:00 - 28 Aprel 2018 - ÖLKƏ İÇİ
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Göyçay şəhərində növbəti qəbul keçirib.
Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsində baş tutan tədbirdə Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının qəbula gələn 44 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.
Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Qəbulda iştirak edən vətəndaşlar bölgələrdə mütəmadi olaraq keçirilən belə görüşlərin təşkilinə, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə diqqətlə və həssas yanaşılmasına görə ölkə başçısına minnətdarlıq edib, onun Azərbaycanın tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini bundan sonra da dəstəkləyəcəklərini bildiriblər.