Qazaxıstanın Manqışlaq Eksperimental (MEB) Botanika Bağının nümayəndə heyəti AMEA Mərkəzi Nəbatat Bağında olub.
Görüşdə Bağın direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Fərzəliyev qonaqlara qurumun elmi tədqiqat istiqamətləri, canlı kolleksiyalarının zənginləşdirilməsi istiqamətində aparılan işlər və kadr hazırlığı haqqında məlumat verib, həmçinin, elmi əməkdaşlığın genişləndirməsi imkanları müzakirə edilib.
AMEA Botanika İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, tərəflər qarşılıqlı əməkdaşlıq üzrə Razılaşma memorandumu imzalayıb. Razılaşma memorandumunu Qazaxıstanın Manqışlaq Eksperimental Botanika Bağının direktoru biologiya üzrə fəlsəfə doktoru Akjunis İmanbayeva və Nəbatat Bağının direktoru, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev imzalayıb. Razılaşmaya əsasən tərəflər arasında bitki ehtiyatları, bağçılıq və reproduksiyası sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi aparılacaq.
Qonaqlar eyni zamanda AMEA Botanika İnstitutunda olublar. İnstitutun direktoru, akademik Validə Əli-zadə qonaqlarla İnstitutun elmi tədqiqat işlərindən, infrastrukturunun dəyişilməsindən və həyata keçirdiyi layihələrdən söhbət aparıb. Qonaqlar İnstitutun Botanika Muzeyi, Herbari Fondu və müasir laboratoriyaları ilə tanış olublar. Onlara Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa Məlumat Bazasına və Dünya Florasına daxil edilməsi üzrə aparılan fəaliyyət haqqında məlumat verilib.
Səfər müddətində qonaqlar AMEA Lənkəran Regional Elmi Mərkəzini də ziyarət ediblər. Mərkəzin direktoru aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev onları subtropik bitkiçilik sahəsində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış edib.