Kukla Teatrı daha bir premyeraya hazırlaşır

14:45 - 28 Mart 2018 - Mədəniyyət

Mütəmadi repertuarında dəyişikliklər edən, yeni nümunələrlə yanaşı klassik ədəbi materialları fərqli quruluşlarda teatrsevərlərə təqdim edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir premyerasına hazırlaşır.

Bu dəfə balaca tamaşaçılarımıza hamımızın az qala əzbər bildiyi və bu günədək bir neçə quruluşda səhnə həyatı yaşayan məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Mikayıl Müşfiqin qeyd olunan məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq izləyicilərin görüşünə gələcək. 
Teatrın quruluşçu rejissoru Anar Məmmədovun hazırladığı tamaşada Musiqili Teatrın istedadlı aktrisası Ülviyyə Əliyeva rol alır.
Müəllif matearialındakı Şüngülüm obrazının ixtisarı ilə yeni səhnə həyatı yaşayacaq tamaşada aktrisa canlı planda Nağılçı ilə yanaşı beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında tamaşaçı qarşısına çıxacaq.

Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev bu səhnə işində bir neçə kukla texnikasının sintezini yaradıb. Məhdud dekorasiyalarla əlvan çalarlı səhnə tərtibatını verən rəssam qolçaq kuklalarının istifadə olunduğu tamaşada əsas diqqətini obrazların müasir görkəmdə təqdimatına verib.
Kukla tamaşasının bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. O, musiqilərində mətn müəllifinin şeir nümunələrindən istifadə edib.

Uşaqlara klassik nağıl nümunəsini tam yeni, fərqli və çağdaş boyalarla təqdim edən tamaşa martın 30-da teatrsevərlərin ixtiyarına veriləcək. 
 


Xəbər xətti