Rusiya prezidenti Vladimir Putin Kemerovo şəhərində yerləşən "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilmiş iclasda yanğının səbəbləri sırasında səhlənkarlıq və diqqətsizliyin olduğunu deyib.
APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinə hadisənin detallı araşdırılmasına dair təlimat verib. “Nə baş verir? İnsanlar, uşaqlar bura istirahətə gəlmişdi. Biz demoqrafiyadan danışırıq və bu qədər də adam itiririk, nəyə görə? Laqeydlik və səhlənkarlıq səbəbindən”, - deyə Putin bildirib.
Qeyd edək ki, yanğın nəticəsində 64 nəfər ölüb, xeyli insan xəsarət alıb. Rusiya prezidenti hadisə ilə əlaqədar Kemerovo şəhərinə səfər edib.