Əbülfəs Qarayevdən xanımlara bayram TƏBRİKİ

15:32 - 7 Mart 2018 - Mədəniyyət

"Qədim dövrlərdən xalqımızın malik olduğu mənəvi-mədəni dəyərlər sistemində qadın daim müqəddəs bir yerə sahib olmuşdur. Azərbaycan analarının ailədəki müstəsna yeri onların ictimai həyatdakı fəaliyyətlərində də özünü aşkar şəkildə göstərmişdir”.

Bu fikirlər mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ölkəmizin mədəniyyət və turizm sahələrində çalışan xanımlara 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlanan təbrikində yer alıb.

Bildirilir ki, Azərbaycan qadınlarının zərifliyi, ailəcanlı olması, mətinliyi və məğrurluğu əsrlərdən üzü bəri tarixi mənbələrdə, ədəbi əsərlərdə dönə-dönə öz əksini tapıb. Qadınlarımızın ailə dəyərlərinə verdikləri əhəmiyyət ilk növbədə nəsillər arasında zəngin mənəvi bağlılığın qorunub yaşadılmasında mühüm rol oynayıb. Bütün bunları nəzərə alan Azərbaycan ziyalıları qızların təhsilinə, dünyagörüşlərinin zənginləşməsinə xüsusi diqqət yetiriblər. Ötən əsrin əvvəllərində yalnız qızların təhsil aldığı məktəblərin də fəaliyyət göstərməsi gələcəyin analarının bilikli olmasına, mədəni-mənəvi baxımdan yetkinləşməsinə hesablanmış əhəmiyyətli addımlardan idi.

Təbrikdə daha sonra deyilir: “Azərbaycan qadınları bu gün ölkə həyatının bütün sahələrində öz töhfələrini verirlər. Hazırda mədəniyyət və turizm sahələrində çalışan işçilərin böyük bir hissəsini qadınlar təşkil edir. Bu sahələrin inkişafında onların mühüm xidmətləri olduğunu məmnunluqla qeyd edirəm. Sevindirici haldır ki, dövlətimiz tərəfindən qadınların fədakar əməyi həmişə yüksək qiymətləndirilir. Çalışdıqları sahələrdə müvəffəqiyyət qazanan xanımlar fəxri adlar, orden və medallarla təltif olunurlar”.

Əbülfəs Qarayev sonda bir daha mədəniyyət və turizm sahələrində fəaliyyət göstərən xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ailə səadəti, cansağlığı arzulayıb.

//Modern.az//

Xəbər xətti