Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfrans keçiriləcək

01:55 - 8 Mart 2018 - Mədəniyyət

Bakıda keçiriləcək VI Qlobal Bakı Forumu çərçivəsində - martın 14-15-də Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans təşkil olunacaq. 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə" Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 

“Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlanan konfrans Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunur.

Konfransda 13 müxtəlif ölkədən - Kanada, Amerika, Brazilya, Hindistan, ABŞ, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiyadan 20-dən artıq alimin, eləcə də 30-dan çox azərbaycanlı elm adamının, nizamişünasların iştirakı gözlənilir.

“Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlanan bu konfrans mövzunun nəzəri və praktiki aspektlərini, Nizaminin poeziyasının estetikasını, fəlsəfəsini, ədəbiyyatın və mədəniyyətin “milli mənsubiyyəti”, irredentizm, ortaq mədəni keçmişi kimi problemləri əhatə edəcək. Nizami poeziyasının timsalında mədəni irsin tarixin fərqli mərhələlərində dərki və yozumu, dominant kimlik meyarlarının - dövlət sərhədlərinin, din və dil statusunun dəyişməsi ilə əlaqədar mədəni irsin hansı müasir milli mədəniyyətlərə aid edilməsi prinsiplərini gündəmə gətirəcək. 

Xəbər xətti