“Bu fabriklərdə 700-750 insan işlə təmin edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır”.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə müəssisələrinin açılış mərasimində deyib.
“Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətlə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaqdır. 700-750 insan burada daimi işlə təmin edilir. Buraya böyük vəsait yatırılıb, 140 milyon manat sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır, gözəl ölkədir”, - deyə, dövlət başçısı əlavə edib.
O bildirib ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub: “İndi bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu sərmayə daha çox qeyri-neft sektoruna qoyulsun”.