Naxçıvanda görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyi keçiriləcək.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bununla bağlı sərəncamı muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.
Sərəncama əsasən Ş. Qazıyevin Naxçıvan rəssamlıq məktəbinin inkişafındakı xidmətləri nəzərə alınaraq, rəssamın 110 illik yubileyi Naxçıvan Muxtar Respublikasında qeyd olunacaq. Yubileyin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı da təsdiq edilib.
Qeyd edək ki, martın 30-da görkəmli rəssam, əməkdar incəsənət xadimi Şamil Həsən oğlu Qazıyevin anadan olmasının 110 illiyi tamam olur.
1908-ci ildə qədim İrəvanda anadan olan Şamil Qazıyev 1920-ci ildə ailəsi ilə birlikdə Naxçıvana köçüb. O, 1929-cu ildə Bakı Rəssamlıq Məktəbini bitirərək, 1929-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda rəsm müəllimi, 1932-ci ildən sonra “Kommunist” qəzetində və “Şərq qapısı” qəzetində rəssam, Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş rəssam, 1939- 1940-cı illərdə Naxçıvan Rəssamlıq Məktəbinin direktoru, 1948-1980-ci illərdə isə “Azərbaycan gəncləri” qəzetində rəssam işləyib. Ömrünün 50 ilini Azərbaycan təsviri sənətinin və teatr rəssamlığının inkişafına həsr edən Ş. Qazıyev Naxçıvan teatrında 100-dən çox tamaşaya bədii tərtibat verib, teatrın inkişafında mühüm xidmətlər göstərib. Bəhruz Kəngərli realizm məktəbini davam etdirən Şamil Qazıyev qrafika, natürmort, peyzaj, portret janrlarında maraqlı əsərlər yaradıb. Rəssamın Naxçıvanın tarixi, təbiəti, adət-ənənələri, həyat və məişəti ilə bağlı çəkdiyi “Çoban”, “Xırmanda”, “Qalayçılar”, “Dəyirman”, “Lavaş yapanlar”, “Qaçqınlar”, “Çarıqçılar”, “Öküzlərin nallanması”, “Örtülü bazar”, “Naxçıvan hamamı”, “İnqilabaqədərki Naxçıvan”, “Naxçıvanda köhnə həyət” kimi əsərlər keçmiş tariximizin və mədəniyyətimizin öyrənilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir.