"JEK"lər bu günün tələblərinə cavab vermir

15:09 - 25 Yanvar 2018 - Cəmiyyət

Rəşad Həsənov: “Tikinti şirkətləri inşaat sahələrində və yaşayış şəhərciklərində özlərinin müəyyənləşdirdiyi konkret meyarları tətbiq edirlər”

Bir neçə il bundan əvvəl xəbər yayıldı ki, MKİS-lər (mənzil istismar sahələri) ləğv olunacaq və onun yerində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılacaq. Bu məsələnin üzərindən 3-4 il keçsə də, bu gün hələ də MKİS-lər fəaliyyət göstərir. Bəs görəsən, MKİS-lərin bu günə qədər fəaliyyət  göstərməsinin səbəbi nələrdir? MKİS-lər həqiqətənmi günün tələblərinə uyğundur?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən İqtisadçı Rəşad Həsənov bildirdi ki, burda əsas problem Azərbaycanda alternativ idarəetmənin tam formalaşmamasıdır: “Bildiyimiz kimi, ölkədə təxminən 60-a yaxın mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yardılıb, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçibdir. Amma buna baxmayaraq bu müəssisələrin böyük əksəriyyəti fəaliyyət göstərə bilmir. Və bu günlərdə Azərbaycanda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ləğv edildi. Çünki qurum müxtəlif səbəblərdən fəaliyyət göstərə bilmədi. Bu qurumların fəaliyyət göstərə bilməməsinin səbəbləri məhz, mənzil tikinti koorparativləri oldu. Belə ki, bu tikinti şirkətləri inşaat sahələrində və yaşayış şəhərciklərində özlərinin müəyyənləşdirdiyi konkret meyarları tətbiq edirlər. Burda hər hansı bir başqa gücün, idarəetmənin formalaşmasını istəmirlər”.

İqtisadçı qeyd etdi ki, əsas məsələlərdən biri də konkret olaraq tikinti şirkətlərinin bu yaşayış sahələrində əlavə gəlir mənbəyi formalaşdırmasıdır: “Çünki burda göstərilən kommunal xidmətlərin qiymətləri konkret olaraq qanunvericiliyə uyğun tənzimlənmədiyi üçün şirkətlər istədikləri qiymətləri müəyyənləşdirirlər. Demək olar ki, heç bir hesabat sistemi yoxdur. Eyni zamanda bu ödənişlər şirkətlər tərəfindən əksər hallarda nəğd şəkildə yığılır. Bunun qanunvericiliyə zidd olmasına baxmayaraq bu məsələlərə hələ ki, göz yumulur. Əksər hallarda kifayət qədər böyük vəsaitlər faktiki olaraq həm qanunvericiliyin tələbinə uyğun olaraq vergidən yayındırılır, digər tərəfdən isə bu vəsaitlər vətəndaşlardan yığılaraq mənimsənilir. Gəlir mənbəyindən məhrum olmaq istəməyən şirkətlər də əlavə alternativ idarəetmənin formalaşmasını müxtəlif yollarla əngəlləməyə çalışırlar”. 

Bu prosesin uzun bir zaman alacağını vurğulayan iqtisadçı, eyni zamanda burda əhalinin informasiyasızlığının və təcrübəsizliyinin də mühüm rol oynadığını dedi: “Çünki vətəndaşlar bir sıra hallarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi və onun idarə edilməsinin təşkili haqqında demək olar ki, ya məlumatlı deyillər, ya da müəyyən qədər kənar idarəetməyə meyil edirlər, nəinki özlərinin idarəetməsinə. Bu da müxtəlif səbəblərdən qaynaqlanır”.

R.Həsənovun sözlərinə görə, digər bir məqam isə ondan ibarətdir ki, dövlətin balansında olan kifayət qədər çox köhnə binalar vardır: “Hansı ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri daha çox yeni şəhərciklərdə, yeni yaşayış massivlərində tətbiq edilir. Köhnə binalarda isə bunun tətbiqi ilə bağlı ciddi təcrübə formalaşmayıbdır. Bu səbəblər də, hazırda Azərbaycanda alternativ idarəetmənin formalaşmasını əngəlləyən məqamlardan biridir. Düşünürəm ki, bu proses uzun bir zaman alacaqdır. Qanunvericilik daha da təkmilləşdirilməlidir ki, inşaatın təhvil verilməsi prosesi sürətlənsin. Çünki bir sıra hallarda mənzil tikinti koorparativləri çoxmənzilli binada bir neçə mənzili öz əlində saxlamaqla koorportivin üzvü kimi mənzillərin, yəni kommunal təsərrüfatın idarə olunması funksiyasını öz üzərində saxlayır. Amma bununla bağlı konkret məhdudiyyətlər tətbiq olunmalıdır”.

İqtisadçı bildirdi ki, əngəllərdən biri də ondan ibarətdir ki, əksər hallarda binaların tikilib tam yaşayışa verilməsinə baxmayaraq, hələ də dövlət qeydiyyatına alınmaması müşahidə olunur: “Binaların dövlət qeydiyyatına alınmaması da, yəni binanın təhvil verilməməsi səbəbindən firmalar və şirkətlər üçün burada müxtəlif formada alternativ idarəetmənin yaradılmasını əngəlləməsinə şərait yaradır. Ona görə də, biz bu gün bu sahədə ciddi nöqsanların müşahidə olunduğunu hiss edirik”.

R.Həsənov  qeyd etdi ki, bu gün fəaliyyət göstərən MKİS-lərin, yəni mənzil istismar sahələrinin günün tələblərinə uyğun olmadığını demək düzgün olardı: “Çünki faktiki olaraq biz bu gün yaşayış massivində əhalinin kütləvi şəkildə narazı olduğunu müşahidə edirik. Vətəndaşların bu narazılığı həm mətbuatda, həm də müxtəlif formalı etirazlarla özünü göstərir. Amma buna baxmayaraq hələ də, bu istiqamətdə olan problemlər öz həllini tapmır. Çünki buradakı bir məsələ problemlərin kütləvi xarakter daşıması, digər bir məsələ isə burda maraqların toqquşmasıdır. Xüsusilə də, tikinti sektorunda maraqların toqquşması inhisarın mövcud olduğu bir dövrdə aradan qaldırıla bilmir.


Könül Əhmədova

Xəbər xətti