Dünən bütün dünyada pravoslav xristianları tərəfindən İsa peyğəmbərin mövludu günü, yəni Milad bayramı qeyd olunub. Qəbələ rayonunun Nic qəsəbəsinin sakinləri olan udilər də bu günü özünəməxsus şəkildə qeyd ediblər.
"Ucnoqta.az" Azərtac-a istinadən xəbər verir ki, udilər “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasiminə toplaşıblar. Tədbirdə Alban-Udi dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən danışıblar.
Udilər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nicdəki “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasını tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər.
Məlumat verilib ki, Nic qəsəbəsində üç kilsə və iki məscid var. Altı min nəfər əhalisi olan Nic qəsəbəsində 3700 udin yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 nəfər udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.
Qeyd edilib ki, keçmiş sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunub. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra onlar etnik xalq olaraq öz bayramlarını hər il qeyd edirlər.
Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.