Rəhbər vəzifələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ

12:16 - 29 Dekabr 2017 - ÖLKƏ İÇİ

Dövlət İmtahan Mərkəzi vakant olan 198 rəhbər vəzifə üzrə (A növü) müsahibə (müsabiqənin müsahibə mərhələsi) elan edib.

 

Mərkəzdən Ucnoqta.az-a verilən məlumata görə, müsahibə üzrə qeydiyyat bir ay - yanvarın 25-dək davam edəcək.

İnzibati rəhbər vəzifələr üzrə təqdim olunan vakansiyalar arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına aid Dövlət Mülki Aviasiya Administrasiyasında şöbə müdiri və şöbə müdirinin müavini, Kənd Təsərrüfatı Nazirliyi üzrə şöbə müdirinin müavini (6 vakant vəzifə) vəzifələridir. Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati rəhbər vəzifələrə aid olan yerli bölmə rəhbərinin müavini yeri üzrə 44, yerli bölmədə sektor müdiri yeri üzrə 95 vakant vəzifə müsabiqəyə təqdim olunub. Müsabiqənin müsahibə mərhələsində müvafiq vəzifələr üzrə sertifikata malik olan şəxslər iştirak edə bilərlər.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması" vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və yanvarın 25-dək mərkəzin portalı vasitəsilə təqdim etməlidir.

 

Xəbər xətti